Rayonda əhalinin tibbi müayinəsi mütəşəkkil surətdə davam edir
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Balakən rayonunda da mütəşəkkil surətdə davam edir.
Fevralın 17-dən davam edən aksiya çərçivəsində 20 mindən artıq rayon sakini müayinədən keçmişdir. Rayon Mərkəzi Xəstəxanasında, həmçinin Qabaqçöl qəsəbə xəstəxanasında və kənd həkim məntəqələrində aksiyanın yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Həkim briqadaları səhər saatlarından axşamadək sakinləri müayinədən keçirir, xəstəlik aşkar olunduqda müalicə təyin edirlər. Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar ucqar kəndlərdə yaşayan, xəstəxanalara getmək imkanı olmayan sakinlərə evlərdə xidmət göstərirlər.
Əhalinin daha çox üz tutduğu Rayon Mərkəzi Xəstəxanası bu günlərdə gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xəstəxananın baş həkiminin müalicə işləri üzrə müavini Dilbər Quliyeva bildirmişdir ki, hazırda rayonun ucqar yaşayış məntəqələrindən olan Mazımçay, Qazma və Salban kəndlərində 3 səyyar həkim briqadası işləyir. Aksiyaya başlandığı gündən indiyədək müayinə edilən sakinlərin 1436 nəfəri ambulator, 111 nəfəri stasionar müalicəyə cəlb olunmuşdur. Bundan əlavə, 62 nəfər sakin daha geniş müalicə almaq üçün paytaxtın tibb müəssisələrinə göndərilmişdir.
Tibbi müayinələr kənd həkim məntəqələrində də yüksək səviyyədə təşkil olunmuşdur. Katex kənd həkim məntəqəsinin baş həkimi Firuzə Şibliyeva verdiyi məlumata əsasən aksiya çərçivəsində kəndin 18 yaşdan yuxarı 6 minədək sakininin müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Artıq 2674 sakin tibbi müayinəyə cəlb olunmuşdur.
Bütün ölkə əhalisi kimi, balakənlilər də insanların sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı çox yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.