“14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib
12 iyul 2024 | 17:44
İyulun 12-də Balakən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilib. Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb. Qeyd olunub ki, 14 iyul 1969-cu il müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gündür. Uzaqgörən siyasətçi Heydər Əliyevin təşkilatçılıq qabiliyyəti, mövcud problemləri dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı Vətənə və xalqa güclü məhəbbəti ilə birləşərək öz bəhrəsini verib. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb.
YAP Balakən rayon təşkilatının sədri Azad Balayev çıxış edərək bildirib ki, Azərbaycan xalqının milli dirçəliş, dövlət müstəqilliyi arzusunun ideyadan gerçəkliyə doğru inkişafı öz başlanğıcını məhz 14 iyul 1969-cu ildən götürür.
Daha sonra çıxış edən Ulu Öndər Heydər Əliyevlə görüşmüş şəxslər, YAP veteranı Tamara Əliyeva, rayon Ağsaqqallar Şurasının sədr müavini Rəşid Musayev, “Azərbaycan bayrağı” ordenli ehtiyatda olan zabit Aydın Abdullayev, rayon ağsaqqalı Seyid Dadaşov və tibb bacısı Türanə Məmmədova qeyd ediblər ki, ulu öndərin hakimiyyətə gəlişi ilə Azərbaycan yeni inkişaf mərhələsində qədəm qoyub və bütün sahələrdə böyük nailiyyətlər əldə edib. Sovet rejiminin və ideologiyasının ciddi məhdudiyyətlərinə baxmayaraq ümummilli lider Azərbaycan xalqının gələcəyini hədəf götürüb, qısa vaxt ərzində əhalini dinamik inkişafa səfərbər etməyə nail olub. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərib.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim edilib.