Balakəndə I rübün yekunlarına dair hesabat keçirilmişdir
Balakən rayonunda 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir.
AzərTAc xəbər verir ki, idarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon fəallarının iştirak etdiyi müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələr və ilin ilk üç ayında rayonda görülmüş işlər ətraflı təhlil olunmuşdur.
Hesabat məruzəsində bildirilmişdir ki, birinci rübdə 1813 hektar sahədə yazlıq bitkilər əkilmiş və hazırda bu iş davam etdirilir. “Aqroservis” ASC-nin filialı tərəfindən məhsul istehsalçılarına güzəştli qiymətlə 329 ton gübrə satışı həyata keçirilmişdir. Hesabat dövründə heyvandarlığın inkişaf etdirilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün zəruri işlər görülmüş, 1240 ton ət, 4207 ton süd, 1,9 milyon ədəd yumurta istehsal olunmuşdur.
Rayonun Qaysa kəndində ayda 8 min cücə çıxarmaq imkanı olan quşçuluq-inkubasiya təsərrüfatı yaradılmışdır. Müəssisənin gələn ay istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rüb ərzində rayonda 20 hektar sahədə meşə sahəsi salınmış, Katex-Balakən magistral avtomobil yolunun kənarlarında 3 min 500-dən çox eldar şamı əkilmiş, Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə başlanılmışdır.
Rayonun Talalar kəndində 280 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilmiş, Şərif, Qaysa və Şambul kəndlərində yeni uşaq bağçalarının tikintisinə başlanılmışdır.
Əhaliyə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması üçün zəruri işlər görülmüş, Meşəşambul kəndində 256 nömrə tutumu olan yeni elektron telefon stansiyası quraşdırılmışdır. Rüb ərzində rayon üzrə 264 abonentə telefon çəkilmiş, genişzolaqlı internet istifadəçilərinin sayı 300 abonent artaraq 2 min 375-ə çatmışdır.
Hesabat məruzəsində, həmçinin birinci rübdə əhalinin aztəminatlı təbəqəsinə sosial müavinət, pensiya və təqaüdlərin verilməsi, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.