Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun 54 yaşayış məntəqəsindən 39-da tibbi müayinələr başa çatmışdır

15 aprel 2014 | 15:00

Səhiyyə sahəsində həyata keçirilən uğurlu islahatlar, davamlı tədbirlər nəticəsində son illər respublikamızda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti əsaslı surətdə yaxşılaşmış, paytaxtda və bölgələrdə ən müasir tələblərə cavab verən yeni səhiyyə ocaqları tikilib istifadəyə verilmiş, tibb müəssisələrinin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir.
Bütün bunlar ölkə rəhbərliyinin öz vətəndaşlarının sağlamlığının qorunmasına göstərdiyi qayğının bariz nümunəsidi.

Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində fevralın 17-də başlanan əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Balakən rayonunda da uğurla davam etdirilir.
Rayon əhalisi insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada böyük həvəslə iştirak edir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Hacıömər Nuriyevin bildirdiyinə görə, rayon üzrə 18 yaşdan yuxarı 67 min 616 sakinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Aksiya çərçivəsində indiyədək 53 minə yaxın sakin, yəni nəzərdə tutulan əhalinin 78,3 faizi tibbi müayinədən keçmişdir. Rayonun 54 yaşayış məntəqəsindən 39-da tibbi müayinələr artıq başa çatmışdır.
Müayinədən keçənlərin 7528 nəfərinə ambulator müalicə təyin edilmiş, 334 nəfər stasionar müalicəyə cəlb olunmuş, 182 nəfər daha geniş müayinə və müalicə üçün Bakı şəhərinin ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Əhalinin müayinəsi zamanı ürək-damar, oynaq və tənəffüs sistemi xəstəliklərinə daha çox rast gəlinir. Belə xəstələr dispanser müşahidəsinə götürülür.
Tibbi müayinələr rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi ilə yanaşı, Qabaqçöl qəsəbə xəstəxanasında, həmçinin Kortala, Katex və Talalar kənd həkim məntəqələrində aparılır. Eyni zamanda, müxtəlif ixtisaslı həkimlərin daxil olduqları səyyar briqadalar ucqar kəndlərdə əhalini tibbi müayinədən keçirirlər.
Baş həkim aksiyanın müvəffəqiyyətlə başa çatdırılması üçün qalan müddət ərzində də var qüvvələri ilə çalışacaqlarını bildirmişdir.
Mərkəzi xəstəxananın poliklinika şöbəsində müayinədən keçən Yeni Şərif kənd sakini Tinov Bağmanov və başqaları həkimlərin peşəkarlığından, səmimi münasibətindən razılıq etmiş, onlar üçün yaradılmış bu şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Keçidlər