Balakəndə 28 may Respublika Günü təntənə ilə qeyd olundu
May ayının 26-da 28 may –Respublika Günü ölkəmizin hər bir guşəsində olduğu kimi Balakəndə də təntənə ilə qeyd olundu.
Öncə RİH-in başçısı cənab İslam Rzayev başda olmaqla aparat işçiləri, hüquq-mühafizə orqanlarının, idarə,müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri Ulu öndərin möhtəşəm abidəsi önünə tər çiçək dəstələri qoymaqla Ümummilli Liderə öz dərin məhəbbət və ehtiramlarını bildirdilər.
Sonra rayon tədbiri dördülduzlu”Qubek” otelinin konfrans zalında davam etdirildi.
RİH-in başçısı İslam Rzayev Respublika Günü ilə əlaqədar məruzə ilə çıxış edərək qeyd etdi ki, 28 may xalqımızın parlaq və şərəfli dövlətçilik tarixində mühüm yer tutur.Azərbaycan xalqını milli müstəqilliyə aparan yol nə qədər keşməkeşli ,əzab-əziyyətli olsa da bu tarixi həqiqət xalqımızda qürur və fəxarət hissi doğurur. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüşdür.
1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçilik ideyaları bərqərar oldu, respublikada müstəqil dövlət təsisatları formalaşdı ilk milli Konstitusiya qəbul olunmaqla Milli Məclisə ilk seçkilər keçirildi.1996-cı ildən Azərbaycan müxtəlif konvensiya və sazişlərə qoşulmuş, milli qanunvericiliyini Avropa standatlarına uyğunlaşdırmaqla Avropa Şurası, ATƏT, İKT və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq istiqamətində həlledici addımlar atmışdır.Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanda dövlətçiliyin daha da möhkəmləndirilməsinə xidmət etmişdir.
Artıq 9 ildir ki, Ulu öndərin siyasi kursu, onun layiqli davamçısı ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rayon rəhbəri İslam Rzayev 28 may- Respublika Günü bayramı münasibəti ilə hamını təbrik etdi və Ümummilli Liderimiz Heydər Əliyevin şah əsəri olan Müstəqil Azərbaycanı göz bəbəyi kimi qorumağa çağırdı.
Məruzə ətrafında ağsaqqal F.Səlimov, Tarix-diyarşünaslıq muzeyinin direktoru X.Mirəliyev və tarix müəllimi C.Abdullayev maraqlı faktlarla çıxış etdilər.
Bayram tədbiri rayonun Katex-kombinat yaşayış məntəqəsində 128 nömrə tutumlu EATS-in açılışı ilə davam etdirildi.
Rayon rəhbəri İslam Rzayevin yanvar ayında kənddə keçirilən səyyar qəbulu zamanı telefon problemini qaldıran müəllimə Rəfiqə Xatatiyeva yeni EATS-nin tikintisinə görə minnətdarlıq bildirdikdən sonra söz RİH-in başçısına verildi.
Ulu öndər Heydər Əliyevin “İndiki zamanda rabitə hər bir insan üçün ən çox lazım olan bir vasitədir” sitatını misal gətirən rayon rəhbəri qeyd etdi ki,yaxın zamanda stansiyaya “Deslan”avadanlığı quraşdırıldıqdan sonra istifadəçilər internet vasitəsi ilə dünyanın hər yeri ilə əlaqə saxlaya biləcəklər.Hazırda rayonda internet istifadəçilərinin sayı 360 nəfərdən 1000 nəfərə çatdırılmışdır.
Rayonda belə açılışların hələ çox olacağını bildirən rayon rəhbəri şəhid anası Meysərət Tinətiyevaya və digər 2 nəfər kənd sakinlərinə telefon aparatı hədiyyə etdi. EATS ilə əyani tanış olan rayon rəhbəri kənd sakini Sədrəddin Umrayevə zəng edərək onu yeni telefon çəkilişi münasibəti ilə təbrik etdi və həmişə xoş xəbərlər eşitməyi arzuladı.
28 may-Respublika Günü ilə əlaqədar bayram tədbiri mayın 28-də Mədəniyyət və İstirahət parkında incəsənət ustalarının konserti ilə başa çatdı.