Balakən rayonunda Faşizm üzərində Qələbənin 69-cu ildönümü qeyd olunmuşdur
1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 69-cu ildönümü Balakən rayonunda qeyd olunmuşdur.
Mayın 9-də RİHB cənab İslam Rzayev rayonun Katex kəndindəki Xatirə Kompleksinə gəlmiş, Böyük Vətən müharibəsi veteranları ilə görüşmüş, onları 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində Qələbənin 69-cu ildönümü münasibətilə təbrik etmişdir.
RİHB cənab İslam Rzayev abidənin önünə tər gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsini ehtiramla yad etmişdir.
Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzmüşlər.
Faşizm üzərində Qələbənin əldə olunmasında azərbaycanlıların da mühüm rolu olmuşdur. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları hərbi şücaət və qəhrəmanlıq nümunəsi göstərmişlər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirmiş, faşizm üzərində Qələbənin reallaşmasına kömək etmişdir. Müharibədə şərəfli döyüş yolu keçmiş həmyerlilərimizin adları bu gün də iftixarla səslənir. Çünki onların tarixi şücaətləri gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.
Ölkəmizdə yaşlı nəslə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Müharibə iştirakçılarına daim yüksək diqqət və qayğı göstərən Ümummilli Liderimiz deyirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük rəşadət, qəhrəmanlıq nümayiş etdirmiş, həm cəbhədə, həm arxada vuruşaraq, çalışaraq Qələbənin əldə olunmasında öz xidmətlərini göstərmişdir. Bu Qələbə bəşəriyyət tarixində bütün qara qüvvələrə, faşizmə qarşı mütərəqqi qüvvələrin Qələbəsi idi. Azərbaycan xalqı bu Qələbənin naminə böyük qurbanlar veribdir”.
Bu gün Ulu Öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Dövlətimizin başçısının 2014-cü il 30 aprel tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bunun parlaq ifadəsidir.
1941-1945-ci illər müharibəsinin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, Azərbaycanın on minlərlə oğul və qızı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir. Müharibə illərində 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanmış, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi General-leytenant Arzu Rəhimovun müvafiq əmrinə əsasən 97 nəfər Əfqanıstan müharibəsi veteranları "Əfqanıstanda Döyüş Əməliyyatlarının bitməsinin 25 illik xatirəsi" münasibətilə medallarla təltif olundular.
Sonda RİHB cənab İslam Rzayev veteranlarla xatirə şəkli çəkdirmişdir.