Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü böyük təntənə ilə qeyd olundu.
Mayın 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü Balakəndə silsilə təldbirlərlə qeyd olundu.
Həmin gün tədbir iştirakçıları ulu öndərin adını daşıyan Mədəniyyət və istirahət parkında onun möhtəşəm abidəsi önünə tər çiçəklər qoymaqla xalqımızın qəlbində əbədiyaşar insana öz dərin məhəbbət və ehtiramlarını bildirdilər.
Sonra bu münasibətlə 1200 metr məsafəyə kros yarışına start verildi. Yarışda 400 nəfərdən çox qız və oğlan iştirak etdi.
Silsilə tədbir rayonun Meşəşambul və Şambul kəndlərini birləşdirən yeni körpünün açılışı ilə davam etdi. 7000 nəfərdən çox kənd sakinlərinin istifadə edəcəyi körpünün uzunlubu 36, eni 8 metrdir. Tikintisi təxsinən 6 ay davam edən bu körpü Nəqdiyyat Nazirliyinin sifarişi əsasında 17 saylı Zaqatala Yol İstismar idarəsi tərəfindən inşa edilmişdir.
Açılışda çıxış edən rayon rəhbəri cənab İslam Rzayev bildirdi ki,
Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü günü sizin istifadənizə verilən bu yeni körpü sizin hər biriniz üçün ən böyük bayram hədiyyəsidir. Ölkəmizdə son illər çoxlu sayda yeni körpülər tikilir, yollar salınır, təmir olunur. Elə açılışına toplaşdığımız bu yeni körpü bir daha sübut edir ki, ölkəmiz iqtisadi cəhətdən möhkəmləndikcə xalqımızın maddi-rifah halının, rahatlığının təmin olunmasını ölkə prezidenti daim diqqət mərkəzində saxlayır, bu sahəyə daha çox diqqət yetirir. Bu diqqət və qayğıya görə bütün balakənlilər adından möhtərəm cənab Prezidentimiz İlham Əliyevə dərin minnətdarlıq bildirirəm.
Mərasimdə daha sonra AzərAvtoyolServis ATC sədrinin müavini Şaiq Bilalov, kənd ağsaqqalı Vassi Qarayev, kənd sakini Mübariz Ağcayev çıxış edərək ölkə prezidentinə, rayon rəhbərinə minnətdarlıq bildirdilər. Rayon rəhbəri körpünün tikintisində çalışan bir qrup işçiyə RİH-nin qiymətli hədiyyələrini təqdim etdikdən sonra rəmzi qırmızı lent kəsildi.
Yeni körpünün üstündən maşın karvanının keçidi ilə açılış mərasimi başa çatdı.
Həmin gün silsilə tədbirlər Heydər Əliyev Mərkəzində «Dəyirmi masa», Mədəniyyət və istirahət parkında möhtəşəm gül bayramı və yerli İncəsənət ustalarının konserti ilə davam etdirildi.