28 May – Respublika günü təntənə ilə qeyd olundu
Ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da Respublika günü təntənə ilə qeyd olundu. Səhər tezdən – mayın 27-də rayon icra hakimiyyətinin başçısı İslam Rzayev başda olmaqla aparat işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun digər idarə və müəssisələrinin işçiləri, eləcə də ictimaiyyət nümayəndələri Ulu öndərin mədəniyyət və istirahət parkının ən uca zirvəsində yerləşən möhtəşəm abidəsi önünə tər gül-çiçək dəstələri qoymaqla ulu öndərə özlərinin sonsuz məhəbbətlərini bildirdilər.
Sonra bayram tədbiri rayon mədəniyyət mərkəzində davam etdirildi.
Tədbirdə rayon rəhbəri İslam Rzayev məruzə ilə çıxış etdi. Rayon rəhbərinin çıxışından:
- İlk öncə tədbir iştirakçılarını, bütün balakənliləri xalqımızın Dövlət bayramı – Respublika Günü münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı çıxışına davam edərək dedi: - 28 may günü Azərbaycan xalqı üçün əziz gündür. «İstiqlal Bəyannaməsi» ilə həyata vəsiqə alan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın qədim dövlətçilik ənənələrini bərpa etdi. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: - Xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin və hökumətinin əsası qoyuldu. Ölkənin iqtisadi və siyasi inkişafında, mədəniyyət, maarif və xalq təhsili, habelə bir çox sosial problemlərin həllində prinsipial əhəmiyyətə malik tədbirlər həyata keçirildi. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində ən parlaq səhifələrdən biri kimi həmişə qalacaqdır.
Həmin dövrdə əsası qoyulan prinsipləri ulu öndərdən sonra cənab möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev tərəfindən onun siyasi kursu bütün istiqamətlərdə layiqincə inkişaf etdirilir. İndii hər birimizin borcu Ümummilli liderimiz Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı göz bəbəyi kimi qorumaq və inkişaf etdirməkdir.
Tədbir ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının quruculuğu sayəsində göstərdiyi səylərdən bəhs edən «Tarixin yaddaşı» filminin izlənməsi və Nüsrət Kəsəmənlinin «Yaddan çıxmaz Qarabağ» əsərinin motivləri əsasında hazırlanmış tamaşadan bir hissəyə baxışla başa çatdı.