İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 48 sahibkara 644,5 min manat güzəştli kredit verilmişdir
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun təşkilatçılığı ilə mayın 30-da Balakən rayonunun Qullar kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri ilə bağlı işgüzar forum keçirilmişdir. 80-dək sahibkarın iştirak etdiyi tədbirdə güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Balakən rayonu üzrə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuşdur. Tədbiri giriş sözü ilə açan RİHB cənab İslam Rzayev qonaqları salamladıqdan sonra Balakən rayonunda sahibkarlar üçün yaradılmış münbit şəraitdən geniş söhbət açmış və tədbirin əhəmiyyətindən danışmışdır.
Tədbir çərçivəsində Balakən rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədi ilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, südlük istiqamətli 50 başlıq müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə taxılçılıq (qarğıdalı) təsərrüfatının, həmçinin arıçılıq təsərrüfatlarının yaradılması üzrə investisiya layihələrinin təqdimatı keçirilmişdir. Bildirilmişdir ki, sahibkarların istəyindən asılı olaraq, kiçik həcmli investisiya layihələrinin dəyəri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir.
Forumda çıxış edən SKMF-nun icraçı direktoru cənab Şirzad Abdullayev 2014-cü ilin ötən dövrü ərzində 2042 sahibkara 96,9 milyon manat güzəştli kreditin verildiyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu kreditlərdən istifadə olunmaqla investisiya layihələrinin reallaşdırılması 4800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1552 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 milyon manat güzəştli kredit ayrılmışdır. Bu kreditlər hesabına müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarının, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı müəssisələrinin, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və digər sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi təmin olunmuş, 8500-ə yaxın yeni iş yeri yaradılmışdır.
Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələrinə dair işgüzar müzakirələr aparılmış, sahibkarlara metodiki vəsaitlər paylanmışdır.
Forum çərçivəsində Balakən və ətraf rayonlardan olan 48 sahibkara 644,5 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər əsasən, heyvandarlıq, arıçılıq, bağçılıq, tərəvəzçilik, çörək istehsalı və digər sahələrin inkişafına yönəldiləcəkdir. Kreditlərin reallaşması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaqdır.
Daha sonra tədbir iştirakçıları Balakən rayonunda güzəştli kredit ayrılmış heyvandarlıq və arıçılıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olmuşlar.