“Qadın hüquqlarının təmin edilməsi cəmiyyətin inkişafı deməkdir” mövzusunda dəyirmi masa keçirilmişdir
Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan Hüquqları Aylığı” keçirilir. Aylıq çərçivəsində 6 iyun 2014-cü il tarixdə Balakən rayon İcra Hakimiyyəti tərəfindən “Qadın hüquqlarının təmin edilməsi cəmiyyətin inkişafı deməkdir” mövzusunda dəyirmi masa keçirilmişdir.
Rayon icra hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin əhəmiyyətini qeyd etdi. Rayon icra hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi P. Qardaşova respublikamızda qadın hüquqlarının, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması məqsədi ilə qəbul edilən normativ hüquqi aktlar, dövlət proqramları barəsində məlumat verdi.
Qeyd olundu ki, möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda qadınların əmək bazarında rəqabət qabiliyyətinin artırılması, qadınlar arasında sahibkarlığın inkişaf etdirilməsi, qadınlar tərəfindən yeni peşələrin əldə edilməsinə yönəlmiş kursların təşkili, məişət zorakılığına məruz qalmış qadınlar üçün reabilitasiya proqramlarının hazırlanması, qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması kimi müddəalar öz əksini tapmışdır.
Balakən rayon Məşğulluq Mərkəzinin direktoru F. Əhmədov, rayon polis şöbəsinin təhqiqatçısı A. Mehdiyev, AQHMC-nin Balakən rayon şöbəsinin sədri S. Əhmədova, Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndə M. Amalova, tarix-diyarşünaslıq muzeyinin direktoru X. Mirəliyev və başqaları mövzu ətrafında maraqlı çıxışlar etdi, müxtəlif təkliflər irəli sürdülər.