Əhali və işçilər mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilirlər
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal-Qərb Regional Mərkəzi illik hazırlıq planına əsasən Balakən Rayon İcra Hakimiyyətində “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzularında müşavirə keçirmişdir.
Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə və təşkilatların nümayəndələri, kənd və qəsəbə inzibati ərazi nümayəndələri və bələdiyyə sədrləri iştirak etmişlər.
Tədbirin keçirilməsində məqsəd Balakən rayonu ərazisində əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması üzrə əhalinin maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, kənd və qəsəbə inzibati ərazi nümayəndələrinin və yerli özünü idarəetmə orqanlarının diqqətinin bu sahəyə cəlb edilməsi olmuşdur.
Mərkəzin əməkdaşları “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və əhalinin mülki müdafiə hazırlığının təşkil olunması”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarının təmin olunması” və sair mövzularda çıxışlar etmişlər.
Regional mərkəzlə rayon icra hakimiyyətləri, habelə digər idarə və təşkilatlar arasında olan qarşılıqlı fəaliyyət planı əsasında işin təşkili, təhlükə yarana biləcək ərazilər haqqında məlumatların vaxtında aidiyyəti üzrə çatdırılması, bu sahədə hər kəsin üzərinə düşən vəzifəni çevik yerinə yetirməsi, fövqəladə hallar mövzusunda daim aparılması vacib olan maarifləndirmə işi də müzakirə edilmişdir.
Tədbir iştirakçılarına “112” zəng xidməti haqqında geniş məlumat verilmişdir.