Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunun 2014-cü ilin birinci yarısında sosial-iqtisadi inkişafının yekunları uğurlu olmuşdur

25 iyul 2014 | 15:00

İyulun 24-də Balakən şəhərində 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirildi.

Rayon fəallarının iştirak etdikləri müşavirədə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və cari ilin ilk 6 ayında rayonda görülən işlər ətraflı təhlil olundu.
Hesabat məruzəsində bildirildi ki, ilin birinci yarısında ölkənin bütün regionlarında gedən quruculuq, iqtisadi inkişaf prosesi Balakən rayonundan da yan keçməyib. Bunu rayonun inkişafını xarakterizə edən sosial-iqtisadi göstəricilər bir daha sübut edir. Diqqətə çatdırıldı ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi 64,8 milyon manat təşkil edib. Həmin müddətdə 3,6 milyon manatlıq sənaye və 25,4 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 9,2 milyon manatlıq tikinti işləri görülüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulu istehsalı 13,2 faiz, kənd təsərrüfatı məhsulları istehsalı isə 5,4 faiz artıb.
Qeyd olundu ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda cari ildə əkin sahələrinin artırılması diqqət mərkəzində saxlanılıb, rayon üzrə ümumi əkin sahələri əvvəlki ilə nisbətən 314 hektar və ya 2,7 faiz genişləndirilib. Hesabat dövründə Qaysa kəndində bir dəfəyə 5 min cücə çıxarmaq gücünə malik inkubasiya təsərrüfatı yaradılıb. Meyvəçiliyin inkişaf etdirilməsinə diqqət artırılıb, əvvəlki illərdə salınmış 176 hektar intensiv meyvə bağlarına aqrotexniki qulluq olunub. Yaz mövsümündə rayon ərazisində 20 hektar sahədə yeni meşəliklər salınıb, magistral yolların kənarlarında, şəhərin küçə və parklarında 10 mindən çox ağac əkilib.
Bildirildi ki, hesabat dövründə Azərbaycan Prezidentinin 2013-cü il 22 avqust tarixli Sərəncam əsasında ayrılmış vəsait hesabına 44 min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə başlanılıb və birinci mərhələ üzrə tikinti işləri artıq yekunlaşıb. Prezidentin imzaladığı digər Sərəncamla ayrılmış vəsait hesabına şəhərin Rafiq Səmədov küçəsində yerləşən bağ abadlaşdırılaraq yenidən qurulub, burada soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb, həmin küçədə “Veteranlar bağı” salınıb. Balakən şəhərində 20 kommunal binanın dam örtüyü dəyişdirilib, 16 binanın fasad hissəsi dekorativ daşlarla üzlənib.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söhbət açılaraq bildirildi ki, Talalar kəndində inşa edilən 280 şagird yerlik yeni məktəb binasının tikintisinin başa çatdırılıb və bu təhsil ocağı yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək. Qeyd olundu ki, hesabat dövründə Qaysa kəndində 20 yerlik yeni uşaq bağçası tikilib istifadəyə verilib. Hazırda Balakən şəhərində, həmçinin Şərif və Şambul kəndlərində yeni uşaq bağçalarının tikintisi davam etdirilir.
Müşavirədə qeyd olundu ki, hesabat dövründə yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından etibarlı mühafizəsini təmin etmək üçün Mazımçay sistemində 180, İnterçayın Şərif kəndindən keçən hissəsində 390, Balakənçay sistemində isə 100 poqonmetr uzunluğunda daş beton bəndlər tikilib istifadəyə verilib.
Tədbirdə, həmçinin birinci yarımillikdə əhalinin aztəminatlı təbəqəsinə sosial müavinət, pensiya və təqaüdlərin verilməsi, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, yerlərdə keçirilən səyyar qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər və digər məsələlər ətraflı təhlil olundu.
Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış edərək 2014-cü ilin birinci yarısında respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışdı, qarşıda duran vəzifələrə toxundu.
Toplantıda Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilən Balakən Rayon İcra Hakimiyyəti başçısının Qaysa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Meysarat Qaysayevaya mükafat təqdim olundu. 

Keçidlər