Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən şəhərinin yeni Baş planı təqdim olunub

06 avqust 2014 | 15:00

Avqustun 5-də Balakən şəhərinin yeni Baş planının təqdimatı olub.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Qubek” mehmanxanasının konfrans zalında keçirilən mərasimdə Balakən şəhərinin Baş planının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Renessans Studio” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) mütəxəssisləri tərəfindən hazırlandığı diqqətə çatdırılıb.
Baş plan barədə məlumat verən “Renessans Studio” MMC-nin direktoru, layihənin rəhbəri Nazim Mahmudov bildirib ki, şəhərin ərazisinin planlaşdırılması bu ərazidəki torpaqların tikinti və ya digər məqsədlər üçün istifadəsi ilə bağlı münasibətləri tənzimləmək üçün aparılır. Şəhərin ərazinin planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir.
Qeyd olunub ki, Balakən şəhərinin Baş planında ərazinin planlaşdırılması, funksional zonalaşdırılması, şəhərin inkişaf konsepsiyası, nəqliyyat, elektrik təchizatı, istilik sistemi, qaz təchizatı, su və kanalizasiya xətlərinin həlli öz əksini tapıb. Ərazinin planlaşması dedikdə şəhərin zonalara, yəni yaşayış, sənaye, istirahət, idman və sağlamlıq, məişət tullantılarının çeşidlənməsi, qəbiristanlıq və digər zonalara bölünməsi nəzərdə tutulur.
Baş planda, həmçinin şəhərin inkişafı ilə bağlı yolların eni, maşın və piyadaların hərəkətinin tənzimlənməsi, fövqəladə vəziyyətlərdə (yanğın, sel, zəlzələ, müharibə və sair) insanların təxliyə edilməsi, elektrik təchizatı, istilik sistemi, qaz təchizatı, su və kanalizasiya xətlərinin layihələndirilməsi və digər məsələlər öz əksini tapıb.
Bildirilib ki, təsdiq edilən Baş plan Balakən şəhərinin 30 il ərzində inkişafını təmin edəcək sənəddir. Növbəti 30 ildə Balakən şəhərinin inkişafı bu plan əsasında həyata keçirilməlidir. Vurğulanıb ki, Baş plan əsasında tikiləcək şəhərdə insanların rahatlığı, təhlükəsizliyi, maddi və mənəvi zənginliyi təmin olunacaq.

Keçidlər