Qazanılan uğurlar sevindiricidir.
Balakən rayonunda Azərbaycan Respublikasının Nazirlər Kabinetində ölkə prezidenti cənab İ.Əliyevin sədrliyi ilə keçirilən müşavirədən irəli gələn vəzifələrə və cari ilin birinci yarısının yekunlarına dair yığıncaq keçirildi. Hesabat məruzəsi ilə çxıış edən rayon icra hakimiyyətinin başçısı cənab İslam Rzayev ölkəmizin 6 ay ərzində qazandığı uğurları qeyd etdikdən sonra ilk olaraq diqqəti may ayının 7 və 18-də rayonda baş vermiş zəlzələyə onun yaratdığı fəsadlara yönəltdi. Bildirdi ki, zəlzələ nəticəsində fərdi yaşayış evlərinə və bir sıra sosial obyektlərə ciddi ziyan dəyib. Təbii fəlakətlə əlaqədar 9 may 2012-ci ildə bölgəyə səfər edən ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən rayonda fəaliyyətə başlayan Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları rayon icra hakimiyyətinin aidiyyəti qurumları ilə birgə təxirəsalınmaz tədbirlər görüb. Komissiya qısa müddət ərzində ziyan dəymiş fərdi yaşayış evlərinin və sosial obyektlərin siyahısını dəqiqləşdirib, bu obyektlərə baxış keçirib. Komissiyanın rəyinə əsasən 92 ev sökülüb, 153 evə tikinti materialları daşınıb. Eyni zamanda, Katex 1 saylı uşaq bağçasının, Qarahacılı kənd tam orta və Püştətala ibtidai məktəblərinin, Gərəkli kəndində 8 mənzilli yaşayış evinin tikintisinə qərar verilib. Artıq Qarahacılı məktəbinin və 8 mənzilli yaşayış evinin tikintisinə başlanılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin komissiyası yenidən əhalidən daxil olan müraciətləri araşdırır.
Sonra İslam Rzayev rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə qazanılan uğurlardan danışdı. Qeyd etdi ki, 498 hektar taxıl sahələrindən 1015 ton məhsul, o cümlədən 502 ton buğda, 513 ton arpa məhsulu götürülüb. Taxıl əvvəlki ilə nisbətən 819 ton artıq istehsal edilməklə yanaşı məhsuldarlıq göstəricisi 20,4 sentner olub ki, bu da ötən ilin səviyyəsindən 6,5 sentner çoxdur.
Fermerlər və torpaq mülkiyyətçiləri də öz növbəsində onlar üçün yaradılan şəraitdən maksimum istifadə etməyə çalışıblar, əvvəlki ilin səviyyəsindən 21,3 faiz artıq sahədə kənd təsərrüfatı bitkilərinin əkilməsini təmin ediblər.
Hesabat dövründə rayonda 6442 hektar qarğıdalı, 298 hektar lobya, 1988 hektar tərəvəz, 300 hektar bostan, 850 hektar kartof, 689 hektar yonca əkilib.
Rayonda meyvəçiliyin inkişaf etdirilməsi istqamətində əhəmiyyətli işlər görülüb. Rayonun Qullar kəndində «Rəyyan» MMC tərəfindən 3,1 hektar, «Balacans» MMC tərəfindən Mahamalar, Talalar, Qullar kəndlərində isə 100 hektar yeni bağlar salınıb, xaricdən məhsuldar meyvə ağacları gətirilərək əkilməsi təmin edilib. Həmin bağlarda damlama üsulu ilə müasir suvarma sistemləri qurularaq bağlara aqrotexniki xidmət göstərilir və bağçılığın inkişaf etdirilməsi üçün əlavə tədbirlər görülür. Belə bir halda tikintisi başa çatmaqda olan 5 min tonluq soyuducu anbarın əhəmiyyəti danılmaz faktdır.
Bitkiçiliklə yanaşı heyvandarlığın da inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayonda iri buynuzlu mal-qaranın sayı 38390, ana malın sayı 18304, qoyun keçilərin sayı 35800 , quşların sayı 185876, atların sayı 2719 baş, arı ailələrinin sayı 7294 olub.
Son 6 ayda 2596 ton ət, 8308 ton süd, 35,7 ton yun, 4817 min ədəd yumurta istehsal olunub. Əvvəlki ilin müvafiq dövrünə nisbətən heyvandarlıqda bütün növ məhsulların istehsalı üzrə artım əldə olunmuşdur.
Rayon icra hakimiyyətinin başçısı rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən danışdı. Göstərdi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında və şəhərin digər yerlərində 600-dən çox ağac, 800-dən çox qızıl gül kolunun və 300 ədəd dekorativ ağacların əkilib.
Bu işdə rayon bələdiyyələrinin xüsusi rolunu qiymətləndirən İslam Rzayev qeyd etdi ki, onların vəsaiti hesabına rayonun Püştətala, Hənifə, Meşəşambul, Mahamalar və Tülü kəndlərində 5,3 kilometr uzunluğunda kəndarası yollara asfalt tökülüb 44,2 kilometr uzunluğunda yollar qum çınqıl materialı ilə təmir olunub. İlin sonunadək daha 6 kənddə kəndarası yollara asfalt töküləcəkdir. 29,5 kilometr uzunluğunda su kanalları və arxlar qazılıb, 1,3 kilometr uzunluğunda yeni su xətti çəkilıb. 2 su keçidi dəyişdirilib, 1 su keçidi təmir olunub. Kortala kəndində çay sahilində 4890 kub metr val vurulub, İsaxlıgirmə kəndində Mazımçay üzərində uzunluğu 50 metr olan körpünün tikintisi başa çatıb.
Məktəb tikintiləri sahəsində 480 yerlik Xalatala, 80 yerlik Qullar 3 və 180 yerlik Katex-zavod kənd məktəbləri üçün yeni məktəb binalarının tikintisi başa çatıb. Nizami adına şəhər 1 saylı tam orta məktəbində əsaslı təmir işləri başa çatıb, Şəhər 1 və 3 saylı uşaq bağçaları əsaslı təmir edilərək istifadəyə verilib.
Bundan başqa, 2 saylı Qullar məktəbi üçün 220, Hənifə məktəbi üçün 480, Qazma 2 saylı məktəbi üçün 360, Qaracabinə məktəbi üçün 80, Şambul məktəbi üçün 180 və Qazbinə kənd orta məktəbi üçün 220 yerlik olmaqla, ümumilikdə 1540 yerlik 6 yeni məktəbin layihələndirilməsi aparılır ki, bu məktəblərin də tikintisinə yaxın zamanda başlanacaqdır.
Heydər Əliyev meydanının abadlaşdırılması işləri davam edir. Prospektin yol qovşaqlarında və hasarlarda dekorativ üzlənmə işləri aparılır, sahibkarlıq obyektlərinin fasad hissələri yenidən qurulur. Şəhərdə 1 əyləncə mərkəzinin və 2 yeni şadlıq evinin tikintisi davam edir, “Balakən-1” su-elektrik stansiyasının, rayon Mədəniyyət evinin tikintisinə başlanılıb. Hər iki obyektdə bünövrənin betonlanması işləri gedir. H.Əliyev prospekti 48 və M.Əsədov 1 ünvanında yerləşən iki 8 mənzilli yaşayış evinin əsaslı təmiri davam edir.
Ölkə Prezidenti cənab İlham Əliyevin 28 mart 2012-ci il tarixli “Balakən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı bütün balakənlilərin sevincinə səbəb olub. belə ki, həmin sərəncama əsasən tikilməsi nəzərdə tutulan Balakən-Qazma-Darvazbinə yolunun layihələndirilməsi işləri aparılır. Hazırda yolun tikintisinə başlanılması ilə əlaqədar ərazidə hazırlıq işləri gedir. Yolboyu işıq, qaz və su xətləri təmir olunub, ümumi abadlıq işlərinin ilkin mərhələsi aparılır.
“Aqrolizinq” ASC-nin Balakən rayon Aqroservis filialının, rayon təhsil şöbəsinin, məcburi köçkünlər üçün çoxmənzilli yaşayış binasının və YAP rayon təşkilatının yeni inzibati binalarının tikintisi üçün torpaqayırma sənədləri hazırlanıb. Balakən şəhərinin su-kanalizasiya sisteminin layihələndirilməsi başa çatdırılıb, cari ilin sonunadək həmin obyektlərin tikintisinə də başlanacaqdır.
Əhalinin sel sularından müdafiəsi məqsədilə Balakən, Katex və Mazım çaylarında daş beton bəndlər 600 kub metr həcmində cari təmir olunub, 180 min kub metr həcmində çay yataqlarının tənzimlənməsi tədbirləri həyata keçirilib. Eyni zamanda, Arılıqbinə, Şambul, Meşəşambul, Qazbinə, Qaysa və Xalatala kəndlərinə məxsus əkin sahələrinin və yaşayış evlərinin mühafizəsi üçün 30 kilometr uzunluğunda suvarma və qurutma kanalları təmizlənib.
Rayonun qazlaşdırılması sahəsində hesabat dövründə 3563 evə qaz xətti çəkilməklə rayon üzrə abonent sayı 8872 nəfərə çatdırılıb. Talalar, Katex, Qazma, Sarıbulaq, Xalatala, Şambul kəndlərinə və Qabaqçöl qəsəbəsinə qaz xətlərinin çəkilməsi davam etdirilir.
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində də xeyli iş görülüb. Daha sonra məruzəçi rayonda elektrik enerjisinin təminatı, rabitə, səhiyyə xidməti sahəsində qazanılan uğurlardan, görülmüş işlərdən danışdı. Sonra o, təhsil sahəsində görülən işlərdən də danışdı. Qeyd etdi ki, Fənn Olimpiadalarının Respublika turunda iştirak edən 15 nəfər şagirddən 2 nəfəri üçüncü , 3 nəfəri isə dördüncü yeri tutmuşlar. Bu ilin fevral ayında Bakı şəhərində keçirilən ”Müharibə və uşaqlar” mövzusunda rəsm müsabiqəsində Nizami adına şəhər 1 saylı tam orta məktəbin beşinci sinif şagirdi üçüncü dərəcəli diploma layiq görülülüb.
Balakənlilər həqiqətən idmançılarının uğurları ilə həmişə fəxr edirlər. Yığıncaqda bu barədə də geniş söhbət açıldı. Bildirildi ki, 2012-ci ildə müxtəlif yarışlarda rayonun 3715 nəfərdən çox yeniyetmə və gənci iştirak edib. Böyük qələbələrə imza atıb.
Məruzə ətrafında müzakirələrdə çıxış edən digər natiqlər də cari ilin 6 ayı ərzində rayonda görülən işlərdən, qazanılan uğurlardan danışdılar. Qarşıda duran vəzifələrdən söhbət açdılar. Vurğuladılar ki, balakənlilər Ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi ölməz ideyalarına daim sadiq qalacaqlar.