Zəlzələdən zərər çəkmiş uşaq bağçası üçün yeni bina tikilib
Sentyabrın 15-də Balakən rayonunun Şərif kəndində 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş körpələr evi-uşaq bağçası üçün inşa olunan yeni bina balacaların istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə qeyd olunub ki, 2012-ci ilin mayında bölgədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində Balakən rayonunda fərdi evlərlə yanaşı, sosial təyinatlı obyektlər, o cümlədən uşaq bağçalarının yerləşdiyi binalar da ciddi zərər görüb. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ayrılan vəsait hesabına 2013-cü ildə rayonun kəndlərində zəlzələdən zərər görmüş 3 uşaq bağçası üçün yeni binanın tikintisinə, 1 bağçada isə bərpa-gücləndirilmə işlərinə başlanılıb. Bu bağçalardan biri - Qaysa kəndində inşa edilən bağça binası cari ilin mayında istifadəyə verilib.
Bildirilib ki, bu gün daha bir uşaq bağçası qapılarını balacaların üzünə açır. Digər iki uşaq bağçası da ilin sonunadək istifadəyə veriləcəkdir. Bundan əlavə, Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində hazırda Balakən şəhərində 100 yerlik daha bir uşaq bağçasının tikintisi davam etdirilir.
Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə yaxından tanış olublar. Uşaq bağçası yeni inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti, mətbəx mebeli ilə təmin olunub, həyət abadlaşdırılıb.