“Bilik Günü”ndə Balakən rayonunun Talalar kəndində əsl bayram sevinci yaşanıb
Yeni dərs ilinin ilk günündə Balakən rayonunun Talalar kəndindəki 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar.
Sentyabrın 15-də kənd məktəbi üçün dövlət vəsaiti hesabına inşa edilmiş 280 şagird yerlik yeni bina şagirdlərin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məktəb kollektivini əlamətdar gün münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatları proqramı hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində davamlı iş aparılır.
Diqqətə çatdırılıb ki, son illər Balakən rayonunda müxtəlif maliyyə mənbələri hesabına 31 yeni məktəb binası tikilib istifadəyə verilib, 2 məktəb əsaslı təmir olunub. Bu günlərdə internat məktəbində də əsaslı təmir işlərinə başlanılıb.
Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları binada yaradılan şəraitlə yaxından tanış olublar. Bildirilib ki, bu təhsil ocağı indiyədək ötən əsrin ortalarında inşa edilən köhnə, darısqal binada fəaliyyət göstərib. Müasir standartlara uyğun inşa edilmiş ikimərtəbəli, iki korpuslu məktəb binasında şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Binada 14 sinif otağı, fənn kabinetləri, laboratoriya, akt və idman zalları yerləşir.