“Azərbaycanın Folklor Paytaxtı” Balakəndə folklor və turizm festivalı başlanıb
Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramına əsasən, 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” elan edilmiş Balakəndə sentyabrın 25-də “Balakən payızı” folklor və turizm festivalı başlanıb.
Mədəniyyət və Turizm Nazirliyinin və Balakən rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edəcək festivalda Rusiya Federasiyasının Dağıstan Respublikasının, Gürcüstanın, həmçinin Ağdam, İsmayıllı, Masallı, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının folklor kollektivləri iştirak edirlər.
Rayon rəhbərliyi və festivala dəvət olunan qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Festival Balakən şəhərinin mərkəzində, Heydər Əliyev prospektində, rayon mədəniyyət mərkəzinin qarşısındakı meydanda tədbirə dəvət olunan kollektivlərin təqdimatı ilə başlanıb. Mərasimdə Gürcüstanın və Dağıstanın folklor və rəqs kollektivləri, Şəki rayonunun Şorsu kənd mədəniyyət evinin “Abay” rəqs kollektivi, Ağdam rayonunun “Şur” ansamblı, Masallı rayonunun “Halay” rəqs qrupu, Qax rayonunun “Peşvebi”, İsmayıllı rayonunun “İvanovka”, Zaqatala rayonunun “Qızılgül” folklor kollektivləri qısa proqramla çıxış ediblər.
Sonra festival iştirakçıları prospektlə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkına yürüş ediblər. “Heydər parkı”nın girişində Balakən rayonunun folklor və rəqs kollektivləri festival iştirakçılarını şux və oynaq rəqslərlə qarşılayıblar.
Tədbir iştirakçıları daha sonra parkda təşkil edilmiş Balakən mətbəxi və dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgilərlə tanış olub, folklor kollektivlərinin çıxışlarını izləyiblər.
Festivalın gündəliyinə uyğun olaraq, rayon mədəniyyət mərkəzində Azərbaycan ədiblərinin rayon ictimaiyyətinin nümayəndələri, ədəbiyyat həvəskarları ilə görüşü olub.
Günün ikinci yarısında Ulu Öndərin adını daşıyan parkda festivalın rəsmi açılış mərasimi keçirilib.
Balakən Aviasiya Mərkəzinin yetirməsi olan paraşütçü-idmançının Azərbaycan bayrağı ilə təyyarədən tullanışı meydana toplaşan yüzlərlə tamaşaçı tərəfindən alqışlarla qarşılanıb.
Respublikamızın tanınmış elm və incəsənət adamlarının, ziyalıların, şəhər sakinlərinin iştirak etdiyi mərasimdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək çoxmillətli Balakən rayonunun, eyni zamanda, çox zəngin folklor ənənələrinə malik olduğunu bildiriblər.
Vurğulanıb ki, Balakənin “folklor paytaxtı” elan edilməsi rayonun milli mənəvi dəyərlərinə, folkloruna verilən yüksək qiymət və etimaddır. “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində həyata keçirilən bu festival xalqımıza xas olan mədəni irsi qoruyub saxlamaq və təbliğ etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, folklor xalqların şifahi və yazılı ədəbiyyatını, adət-ənənələrini, ululardan miras qalan və qorunub saxlanılan inanclarını, mətbəxini, musiqisini, xalq oyunlarını özündə birləşdirən, yaşadan və inkişaf etdirən bir mədəniyyət qoludur. Folklorumuzun kökündə dədə-babalarımızın öyüd-nəsihəti, nənələrimizin laylaları, nəğmələri, bayatıları durur.
Vurğulanıb ki, ölkəmizdə belə festivalların keçirilməsi artıq ənənəyə çevrilib. Heç şübhəsiz ki, “Balakən payızı” folklor və turizm festivalı da ənənəvi olacaq, iştirakçıların sayı ilbəil artacaqdır.
Mərasimdə Rusiya Federasiyasının Dağıstan Respublikasından, Gürcüstandan, habelə Azərbaycanın müxtəlif şəhər və rayonlarından gəlmiş folklor və rəqs kollektivləri geniş konsert proqramı ilə çıxış ediblər. Kollektivlərin təqdim etdikləri şux və oynaq rəqslər, milli folklor nümunələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.