Balakən Aviasiya Mərkəzinin qonaq evi istifadəyə verilib
“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən filialların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq, MMC-nin Balakən rayon 1 nömrəli filialında həvəskar paraşütçülər, çağırışçılar və turistlər üçün tikilmiş 36 nəfərlik, 6 otaqdan ibarət tam təchizatlı qonaq evi istifadəyə verilib.
Mərasimi giriş sözü ilə açan MMC-nin sədri Şahvələd Əliyev qonaq evi istifadəyə verilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin tabeliyində “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaranmasından ötən dövr ərzində filialın fəaliyyəti bərpa olunub, balansında olan 2 ədəd AN-2 təyyarəsində təmir-bərpa işləri aparılıb, yeni müxtəlif tip paraşütlər alınıb, 3 gözlü anqarın qapıları yenisi ilə əvəz edilib və bu müddətdə 211 nəfər həvəskar paraşütçü hazırlanıb.
Şahvələd Əliyev bildirib ki, “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Balakən rayon 1 nömrəli filialı həvəskar paraşütçülərin yetişdirildiyi yeganə aviasiya mərkəzidir. Filial Nazirlər Kabinetinin müvafiq Qərarı ilə “Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin Siyahısı”na daxil edilib. Bununla da həvəskar paraşütçülərin hazırlığı ilə yanaşı, burada Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi əsasında paraşüt-desant hazırlığı həyata keçiriləcək.
Qeyd olunub ki, filialda yaradılmış şərait gələcəkdə daha təcrübəli paraşütçülərin yetişdirilməsində əvəzsiz rol oynayacaq, müxtəlif beynəlxalq yarışların təşkilinə və beynəlxalq əlaqələrin qurulmasına təkan verəcək.
Sonra qonaq evinin rəmzi lenti kəsilib və qonaqlar yaradılmış şəraitlə tanış olublar.