Şriftin ölçüsü :

Saytın rəngi :

“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

18 yanvar 2023 | 18:21

Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda  tədbir keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhid anaları, müharibə veteranları, ziyalılar və gənclər iştirak edib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova çıxış edərək, xalqımızın qəhrəmanlıq tarixində 20 Yanvar hadisələrinin mühüm yer tutduğunu və bu hadisələrə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirib. 33 il əvvəl ölkədə baş verən ictimai-siyasi proseslərdən danışan N.Rüstəmova SSRİ rəhbərliyinin milli azadlıq hərəkatını qan içində boğmağa və xalqın mübarizə əzmini qırmağa çalışması istiqamətində atdığı addımlardan geniş bəhs edib. Bildirib ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ümummilli Liderin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən faciədən xəbərdar oldular. Bu, 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi.

Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın   20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 

Digər çıxışlarda vurğulanıb ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız Ulu Öndər Heydər Əliyev zəkası və siyasi bacarığı sayəsində öz istiqlaliyyətinə qovuşdu. Heydər Əliyev ideyalarının və siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə baş vermiş Vətən müharibəsində düşmən üzərində qələbəmizi təmin edərək xalqımıza böyük zəfərin sevincini yaşatdı.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda  canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

 

Keçidlər