Cari ilin doqquz ayında Balakən rayonuna 20 min nəfərə yaxın turist gəlib
Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu əlverişli coğrafi mövqeyi, mülayim iqlim şəraiti və təbiət gözəllikləri ilə turistlərin diqqətini daim cəlb edir. Rayon ərazisində turistlər üçün maraqlı ola biləcək qədim tarixi abidələr, zəngin fauna və flora, meşələr, çaylar, şəlalələr, istirahət guşələri, parklar mövcuddur.
Balakənin 2014-cü ildə “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi və bununla əlaqədar keçirilən tədbirlər, festivallar turistlərin bu rayona marağının daha da artmasına səbəb olub.
Cari ilin doqquz ayı ərzində rayona 20 min nəfərə yaxın yerli və xarici turist gəlib. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə rayona gələn turistlərin sayı 2 min nəfərdən çox artıb.
Mədəniyyət və Turizm Nazirliyi Kollegiyasının qərarı ilə Balakən rayonu respublikamızın 4 nömrəli turizm marşrutuna daxil edilib. Rayon üzrə 12 turizm marşrutu və rekresiya zonaları müəyyənləşdirilib. Rayona gələn turistlər daha çox kənd yaşıl, dağ, atçılıq, ovçuluq turizm növlərinə maraq göstərirlər. Bundan əlavə, dörd ulduzlu “Qubek” mehmanxanasının yerləşdiyi Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkı da turistlərin ən çox üz tutduqları məkanlardandır. Burada turistlərin əylənməsi üçün hər cür şərait yaradılıb. Parkda quraşdırılan 1200 metr uzunluğunda kanat yolu daim turistlərin ixtiyarındadır.