"12 Noyabr Konstitusiya günü" qeyd olundu
Noyabrın 12-də Balakən RİH-də Konstitusiya Gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Rayon rəhbəri İslam Rzayev Azərbaycan Respublikasının əsas Qanunu barədə ətraflı məlumat verərək müstəqil Azərbaycanın Konstitusiyasının yaradılmasında Ümummilli liderimiz Heydər Əliyevin böyük əməyini xüsusi qeyd etdi.
Rayon prokuroru Həsən Mirzəyev, RIH-nin hüquq şöbəsinin məsləhətçisi Pirdas Qardaşova və hümanitar və texniki təmayüllü liseyin tarix müəllimi Günel Məmmədova çıxış edərək ölkəmizdə demokratik , dünyəvi və hüquqi prinsiplərin təmin olunmasında, insan hüquq və azadlıqlarının qorunmasında Konstitusiyanın əhəmiyyətindən danışdılar.
Daha sonra bayram günündə Katex kəndindəki Surağat Qurbani küçəsinin (Qaybalı oba) sakinləri daha bir yaddaqalan tədbirin –yol açılışının iştirakçısı oldular. Nəqliyyat Nazirliyinin vəsaiti hesabına salınmış və uzunluğu 2800 metr olan asfalt yol həmin gün kənd sakinlərinin istifadəsinə verildi.
Açılış mərasimində iştirak edən rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev dedi: -Bu yol bayram günündə sizlərə hədiyyədir.3 min nəfərədək əhalinin yaşadığı bu ərazidə indidən sonra həm sizin,həm də nəqliyyatın hərəkəti asanlaşacaq, getdiyiniz yerə tez çatacaqsınız. Ölkə rəhbərliyi başqa sahələrlə yanaşı kəndarası yolların təzələnməsini də daim diqqətdə saxlayır. Bu cür işlər indidən sonra da davamlı olacaq. Sizə başqa bir xoş xəbər də vermək istəyirəm. Bu gündən başlayaraq Qarahacılı yaşayış məntəqəsindəki 1100 metrlik yola da asfalt döşənməyə başlanacaq. Bu iş yerli bələdiyyənin vəsaiti hesabına görüləcək.
Kənd sakinləri adından çıxış edən Fərhad Qeybullayev bu xeyirxah işə görə ölkə və rayon rəhbərliyinə minnətdarlıq bildirdi.