Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edib
Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq dekabrın 30-da ədliyyə naziri Fikrət Məmmədov Balakən Rayon Mədəniyyət Mərkəzində Balakən, Qax, və Zaqatala rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbula yazılış qabaqcadan başlanılaraq vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılıb.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyati məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb,onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.