Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin XI sinif şagirdlərilə növbəti açıq dərs keçirilmişdir

15 yanvar 2015 | 16:00

Ümummilli lider Heydər Əliyev olduqca mürəkkəb bir şəraitdə, ölkənin əvvəlki rəhbərlərinin yarıtmaz fəaliyyətinin meydana çıxardığı mənfi tendensiyaların baş alıb getdiyi bir vaxtda müstəqil Azərbaycanın xarici siyasət kursunu formalaşdırmağa nail olub, bu siyasətin əsas istiqamətlərini müəyyənləşdirib. Ulu Öndərin formalaşdırdığı xarici siyasət kursu dünya təcrübəsinin bütün nailiyyətlərini və sivil beynəlxalq normaları özündə əks etdirir. Dahi rəhbərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədi daşıyır.

Bu tezislər Ulu Öndərin zəngin irsinin öyrənilməsi məqsədilə yanvarın 14-də Balakən şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə keçirilən növbəti açıq dərsdə səsləndirilib.

Balakən şəhərindəki humanitar və texniki təmayüllü liseyin tarix müəllimi Vüsal Kazımovun tədris etdiyi “Heydər Əliyev və xarici siyasətdə uğurlar” mövzusunda açıq dərsdə şəhər 2 nömrəli, Poşbinə və Şərif kənd 1 nömrəli tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Açıq dərsdə Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə konkret tövsiyələri və tapşırıqları əsasında ölkəmizin xarici siyasətdə bir-birinin ardınca çox böyük uğurlar əldə etdiyi konkret faktlarla şagirdlərin diqqətinə çatdırılıb. 1996-cı ildə ATƏT-in Lissabon Sammitində Azərbaycanın ərazi bütövlüyünün tanınmasının Ümummilli Liderin xarici siyasətinin ən mühüm nailiyyəti olduğu xüsusi vurğulanıb.

Tədris prosesində şagirdlərə, həmçinin ümummilli lider Heydər Əliyevin beynəlxalq əməkdaşlıq siyasəti, beynəlxalq və regional təşkilatlarla əlaqələrin qurulması, xarici ölkələrin dövlət və hökumət başçıları ilə görüşləri, 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi və digər məsələlər barədə dolğun məlumatlar verilib.

 

Keçidlər