20 Yanvar faciəsinin 25-ci ildönümü Balakən rayonunda silsilə tədbirlə qeyd olunub
Faciənin ildönümü ilə bağlı tərtib edilmiş tədbirlər planına uyğun olaraq, rayonun idarə, müəssisə və təşkilatlarında, ümumtəhsil məktəblərində, mədəniyyət ocaqlarında, kitabxanalarda şəhidlərin xatirəsinə olunmuş konfranslar, xatirə gecələri, tematik dərslər, “dəyirmi masa”lar, şəhid ailələrinin üzvləri ilə görüşlər, idmanın müxtəlif növləri üzrə turnirlər keçirilib, məktəblərdə inşa və rəsm müsabiqələri təşkil olunub.
Yanvarın 20-də rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
Rayon mədəniyyət mərkəzində keçirilən xatirə tədbirinin iştirakçıları əvvəlcə foyedə şəhidlərin xatirəsinə həsr olunmuş rəsm sərgisinə baxıblar.
Tədbirdə 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu vurğulanıb, bu hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyi qeyd olunub.
Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.