Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Balakən rayonunda da uğurla icra olunur
Azərbaycan Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq Balakən rayonunda da uğurla icra olunur.
Tibbi müayinələrin mütəşəkkil keçirilməsini təmin etmək üçün rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb, cədvəl tərtib olunub. Balakən rayonu üzrə 57 min 711 nəfər vətəndaşın tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
Dövlətimizin başçısının vətəndaşların sağlamlığına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirən balakənlilər tibbi müayinələrdə mütəşəkkilliklə iştirak edirlər.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Hacıömər Nuriyev müsahibəsində bildirib ki, əhalinin tibbi müayinədən keçirilməsi xəstəliklərin erkən aşkar olunması və vaxtında müalicəsi baxımından olduqca əhəmiyyətlidir. Belə aksiyalar ilk növbədə əhalinin sağlamlığının qorunmasına xidmət edir.
Baş həkimin bildirdiyinə görə, müayinələr əsasən 5 istiqamətdə - rayon mərkəzi və Qabaqçöl qəsəbə xəstəxanalarında, həmçinin Qazma, Katex və Kortala kənd həkim məntəqələrində həyata keçirilir. Bu müəssisələrdə əhalinin kütləvi tibbi müayinəsi üçün hər cür şərait yaradılıb. Tibb ocaqlarında olan müasir tibbi avadanlıq, o cümlədən ultrasəs müayinə və rentgen aparatları xəstəliklərin erkən aşkar edilməsində mühüm rol oynayır. Bundan əlavə, ucqar kəndlərdə yaşayan əhalini müayinədən keçirmək üçün müxtəlif ixtisaslı həkimlərdən ibarət 3 səyyar həkim briqadası da yaradılıb.
Qeyd edək ki, fevralın 2-dən başlayan aksiya çərçivəsində bu günədək Balakən rayonunda 5045 nəfər sakin tibbi müayinədən keçib. Onlardan 770 nəfəri ambulator, 58 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bundan əlavə, müxtəlif xəstəliklər aşkar edilən 14 nəfər daha geniş müayinə və müalicə almaq üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilib.
Balakənlilər insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.