Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda 2014-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilib

10 fevral 2015 | 16:00

Balakən rayonunda 2014-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş yığıncaq keçirilib.

Yığıncaq iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, mədəniyyət mərkəzinin foyesində rayonda istehsal olunan məhsulların sərgisinə baxıblar.

Balakən rayonunun 2014-cü ildə sosial-iqtisadi inkişafından bəhs edən film nümayiş etdirilib.

Rayon icra hakimiyyəti başçısının hesabat məruzəsində bildirilib ki, bütövlükdə 2014-cü il Balakənin iqtisadiyyatı üçün çox uğurlu olub. Ötən il rayonda ümumi məhsul buraxılışının həcmi 137 milyon manat təşkil edib. Hesabat dövründə 59,5 milyon manatlıq kənd təsərrüfatı, 6,3 milyon manatlıq sənaye məhsulları istehsal olunub. Əvvəlki illə müqayisədə kənd təsərrüfatında məhsul istehsalı 3,3 faiz, sənayedə isə 6,1 faiz artıb. Bu müddətdə rayonda 620-si daimi olmaqla 1220 yeni iş yeri açılıb. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2014-cü ildə rayon üzrə 15 sahibkara 189 min manat məbləğində güzəştli kredit verilib.

Diqqətə çatdırılıb ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda ötən ilin olduqca quraq keçməsinə baxmayaraq, həyata keçirilən zəruri tədbirlər nəticəsində 39,6 min ton dən qarğıdalı, 22,2 min ton tərəvəz, 28,6 min ton meyvə, 7,1 min ton kartof və digər növ kənd təsərrüfatı məhsulları istehsal olunub. Məhsul istehsalçılarına dövlət dəstəyi tədbirləri çərçivəsində ötən il 2137 nəfər istehsalçıya 218 min manat yardım ödənilib.

Bildirilib ki, Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən ayrılan vəsait hesabına 2014-cü ildə Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisinə başlanılıb və yolun 16,2 kilometrlik hissəsində işlər artıq başa çatdırılıb.

Hesabat dövründə Talalar kəndində 280 şagird yerlik yeni məktəb binası, Qaysa kəndində 20, Şərif və Şambul kəndlərində isə 40 yerlik yeni uşaq bağçaları tikilib istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi artıq başa çatdırılıb və bu məktəbəqədər tərbiyə müəssisəsi yaxın vaxtlarda balacaların istifadəsinə veriləcək. Bundan əlavə, ötən il “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilib. Stansiyanın cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.

Hesabat məruzəsində, həmçinin 2014-cü ildə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində görülən işlər barədə danışılıb, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.

Vurğulanıb ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi, dövlətimizin başçısının ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı verdiyi tapşırıqlar aqrar sahədə çalışanların qarşısına yeni vəzifələr qoyur. Diqqətə çatdırılıb ki, 2015-ci ildə “Azəryem Sənaye” MMC-nin soyuducu anbar kompleksinin genişləndirilməsi, orada meyvəqurutma və konserv məhsulları istehsalı üzrə sənaye xəttinin açılması, müəssisənin heyvandarlıq kompleksinin daha da inkişaf etdirilməsi və digər tədbirlər nəzərdə tutulub.

Yığıncaqda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Əflatun Rufiyev, Milli Məclisin deputatları Rəbiyyət Aslanova və Kamilə Əliyeva çıxış edərək 2014-cü ildə respublikamızda sosial-iqtisadi sahədə qazanılan uğurları təhlil edib, cari ildə qarşıda duran vəzifələr barədə danışıblar.

Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Keçidlər