Fermerlərlə iş başında görüş
Hazırda hər yerdə olduğu kimi Balakəndə də təsərrüfat işlərinin qızğın vaxtıdır.Rayonumuzda ölkədə ərzaq proqramına kömək məqsədi ilə çalışan ,məhsul bolluğu yaradılmasında fəal iştirak edən fermer və sahibkarlar çoxdur.Bu günlərdə onlardan biri ilə- fermer Əsəbəli Omarovla rayon rəhbəri İslam Rzayev, RİH-i başçısının aqrar məsələlər üzrə müavini Məmməd Şərifov iş başında görüşdülər.
Fermerdən öyrəndik ki ,o,bu il Talalar kəndinin Bayrambinə ərazisində “Azər Toxum”MMC-ilə müqavilə əsasında 41 ha sahədə qarğıdalı əkib.Məhsul keçən ildəkindən çoxdur.Hələlik sahənin 50 faizi biçilib.
Söhbətə qarışan RİH-i başçısının müavini M.Şərifov bildirdi ki ,bu il rayon üzrə 6442 ha sahədə qarğıdalı əkilmişdir.Orta məhsuldarlıq hər hektardan 60-70 sentnerdir,biçin isə davam edir.
Rayon rəhbəri sahəni gəzərək biçinlə yerində tanış oldu.Çay süfrəsi arxasında fermerlə söhbət zamanı rayon rəhbəri qeyd etdi:
-Bu il bol qarğıdalı məhsulu var.Məhsulun dəyəri də əvvəlki ildəkindən yüksəkdir.Səyyar qəbullar zamanı həmişə kənd sakinlərinə ,fermerlərə ,sahibkarlara məsləhət görürdük ki ,əkinəyararlı boş torpaq sahəsi qalmamalıdır. Şübhəsiz ki ,bu söhbətlərin təsiri nəticəsiz qalmayıb.Əkin ,biçin işləri gərgin əmək tələb etsə də , nəticə yaxşı olanda zəhmət çəkənin bütün yorğunluğu çıxır , gəliri yaxşı olanda gələcəkdə də bu sahəni inkişaf etdirmək hissi artır.Hər kəs bilməlidir ki ,halal zəhmətlə qazanılan çörək daha şirin ,daha dadlı olur.
Söhbətə qoşulan fermer Ə.Omarov bildirdi ki bu ilki gəlirindən imkansız ailələrə,Müdafiə Fonduna ərzaq və maddi yardım edəcək ,gələcəkdə istehsal sahəsini daha da genişləndirəcəkdir.
Fermerlə iş başında görüşdən hər kəs razı qaldı. Deyilənlərə biz də bunu əlavə edirik:-Heç kəsin əməyi hədər getməsin.