31 Mart-Azərbaycanlıların Soyqırımı Günü Balakən rayonunda da qeyd edilmişdir.
31 Mart-Azərbaycanlıların Soyqırımı Günü Balakən rayonunda qeyd edilmişdir. Əvvəlcə idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri şəhərin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılan “Soyqırım Abidəsi” önünə gül dəstələri qoyaraq faciə qurbanlarını dərin hüznlə yad etdilər. Daha sonra 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Balakən rayon İcra Hakimiyyətində dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı İslam Rzayev bildirmişdir ki, 1998-ci ildən bəri respublikada-31 mart hər il Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Son iki yüz ildə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hüquqi-siyasi qiymət verilmişdir. Ermənilərin həyata keçirdikləri terror və soyqırımı siyasətinin qanlı fəsadları təkcə böyük türk dünyasının deyil, bütün bəşəriyyətin başı üstünü qara kabus kimi bürüməklə, əsrlər boyu bu vandalizmin qurbanı olmuş Azərbaycan xalqının qan yaddaşında dərin izlər
buraxmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli "Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir. Belə bir kompleksin inşaası Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından son dərəcə vacib əhəmiyyətə malikdir.
Məruzə ilə çıxış edən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova qeyd etdi ki, mart soyqırımı tarixi faciəsinin əsası hələ çox-çox əvvəllər qoyulmuşdur. Azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə qırılması XX əsrin 18-20-ci illərində daha intensiv şəkil almışdır. Təkcə 1918-ci il martın 30-dan aprelin 2-dək Bakıda 15 minədək soydaşımız qanına qəltan edilmişdir. Bütövlükdə isə 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırımı aktı nəticəsində mindən çox yaşayış məntəqəmiz yerlə yeksan edilmiş, minlərlə soydaşımız qanına qəltan olunmuşdur. Bu qanlı tarixdən əvvəl və sonra xalqımıza qarşı törədilmiş bütün müsibətlərin kökünün çox-çox dərinliklərə gedib çıxdığını bildirən N.Rüstəmova Azərbaycan torpaqlarında ermənilərin yerləşdirilməsi ilə tarixi faciələrimizin əsasının qoyulduğunu diqqətə çatdırdı.
Tədbirdə çıxış edən humanitar və texniki təmayüllü liseyin tarix müəllimi, “İlin müəllimi” Aygün Hacıyeva Qafqazda ermənilərin fəallaşdıqları o tarixi dövrün siyasi mənzərəsi haqqında geniş məlumat verdi. Qeyd olundu ki, çar və bolşevik Rusiyasının Qafqazda yeritdiyi bədnam və məkrli siyasətdən istifadə edən ermənilər azərbaycanlıları fiziki və mənəvi terrora məruz qoymuşlar. Xalqımızın böyük oğlu, görkəmli siyasətçi, ulu öndərimiz Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin bir çox planlarının puça çıxdığını bildirən A. Hacıyeva 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunması ilə bağlı fərmanın tarixi gerçəklikləri tam ehtiva etdiyini diqqətə çatdırdı. Çünki 1918-ci ilin mart ayında bolşevik maskası altında gizlənmiş daşnak Şaumyan və onun başçılıq etdiyi bandit təşkilatı xalqımıza qarşı misli görünməmiş soyqırımı siyasəti həyata keçirmişdir. A. Hacıyeva onu da bildirdi ki, bütün tarixi haqsızlıqlara baxmayaraq, bu gün Azərbaycan xalqı yaşayır, ölkəmiz Cənubi Qafqazın sürətlə inkişaf edən bir dövlətinə çevrilmişdir.