Balakən rayonunda ümumi əkin sahələri artırılaraq 12 min 670 hektara çatdırılacaq
Cari ildə Balakən rayonunda ümumi əkin sahələrinin 5 faiz artırılmaqla 12 min 670 hektara, qarğıdalı əkin sahələrinin isə 7 min 500 hektara çatdırılması nəzərdə tutulur.
İdarə, müəssisə və təşkilat rəhbərlərinin, rayon fəallarının iştirak etdikləri tədbirdə cənab Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr və cari ilin ilk üç ayında rayonda görülmüş işlər ətraflı təhlil olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar olaraq rayon icra hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı işlənib hazırlanıb və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə başlanılıb. Əsas diqqət torpaqlardan səmərəli istifadə etməklə məhsul istehsalının artırılmasına, əhalinin ərzaq məhsullarına olan tələbatının dolğun şəkildə ödənilməsinə yönəldilib. Cari ilin ötən dövründə rayonun təsərrüfatlarında 1981 hektar sahədə yazlıq bitkilər əkilib, eyni zamanda, payızlıq taxıl əkilmiş 463 hektar sahəyə aqrotexniki qulluq göstərilib. Rüb ərzində 4 ədəd şum traktoru lizinq yolu ilə istehsalçılara verilib.
Birinci rübdə Balakən şəhərinin küçə və parklarında əvvəllər əkilmiş ağaclara və yaşıllıqlara qulluq göstərilib, 500-dən çox qızılgül kolu və 300 ədəd həmişəyaşıl dekorativ ağac əkilib. İDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun müxtəlif ərazilərində 13,5 min ədəd ağacın əkilməsi təmin olunub.
Hesabat dövründə rayonda abadlıq, təmir-tikinti işləri davam etdirilib, Heydər Əliyev Fondunun vəsaiti ilə Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının inşası başa çatdırılıb. Balakən şəhərində kənd təsərrüfatı idarəsi və rayon polis şöbəsinin inzibati binalarının tikintisi, Sarıbulaq kəndində 40 yerlik uşaq bağçasında bərpa-gücləndirmə işləri davam etdirilib. “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi tamamlanıb və stansiya artıq istismara hazırdır.
Hesabat məruzəsində, həmçinin birinci rübdə əhalinin aztəminatlı təbəqəsinə sosial müavinət, pensiya və təqaüdlərin verilməsi, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması, kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilib, qarşıda duran vəzifələrə toxunulub.