Ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi
Ölkəmizin hər yerində olduğu kimi, Balakən rayonunda da Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ehtiramla yad olundu.
Ulu öndərin adını daşıyan Mədəniyyət və İstirahət Parkı idarə, müəssisə və təşkilatlar tərəfindən Ulu öndərin həyat və fəaliyyətini əks etdirən plakatlar, əl işləri ilə onun adına layiq şəkildə bəzədilmişdi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab İslam Rzayev başda olmaqla hüquq-mühafizə orqanlarının, müəssisə və təşkilatların rəhbərləri və kollektiv üzvləri sərgiyə baxış keçirdilər.
Məktəblilər tərəfindən hazırlanmış” Ulu öndər- 92”, birinci Avropa oyunlarının məşəli, Azərbaycan bayrağı, Azərbaycanın xəritəsi və sair müxtəlif əl işləri tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Sərgilərin təşkilində I, II, III yerlər müvafiq olaraq Nizami, Nəsimi və şəhər 3 saylı məktəblərinə verildi, eləcə də kənd körpələr evi uşaq bağçalarından Gərəkli və Püştətala uşaq bağçaları fərqləndi.
Saat 4-00 da Mədəniyyət və İstirahət Parkının ən uca zirvəsində Ulu öndərin şərəfinə ucaldılmış möhtəşəm abidə önünə tər gül-çiçək dəstələrinin qoyuluşuna başlandı. Ulu öndərin xatirəsini uca tutan balakənlilər onun abidəsi önünə gül-çiçək dəstələri qoymaqla ehtiramlarını bildirdilər.
Sonda Bakı şəhərindən dəvət olunmuş xalq artisti Simarə İmanova, incəsənət ustaları Vüqar Muradov, rəqqasə Fatimə, Elşad Aydınoğlu, Elnur Zeynalov, Aytən Məhərrəmova, Arzu Əliyeva, Mənzurə Musayeva, Günay Şuşalı, Tofiq Ucarlı, Namiq Teymurov, yerli incəsənət ustalarından Vüsalə Bodurova və Burhan Rəşidovun ifalarında oynaq və şən mahnılar səsləndi və hər kəs tərəfindən alqışlarla qarşılandı.
İctimai televiziyanın aparıcısı Aynur xanım Fətullayevanın Balakənin inkişafı haqqında söylədiyi fikirlər, ölkə Prezidenti cənab İlham Əliyevin Balakənə 4 dəfə səfər etməsi, hər səfərdən sonra Balakənin gələcək inkişafı ilə bağlı mühüm sərəncamlar imzalanması və bunun nəticəsi olaraq Balakəndə inanılmaz dərəcədə dəyişikliklərin aparıldığını qeyd etməsi bir daha sübut etdi ki, balakənlilərin Ulu öndərə rəğbəti böyük olduğu və Ulu öndər onların qəlbində əbədi yer tapdığı üçün bu müsbət addımlar atılmış və onun ideyaları uğurla həyata keçirilir.
Tədbirin ən yaddaqalan anlarından biri səmada üçrəngli Azərbaycan bayrağının paraşüt vasitəsi ilə müəyyənləşdirilən nöqtədə dalğalanaraq yerə endirilməsi və möhtəşəm tədbirin atəşfəşanlıqla sona yetməsi idi.
Sözün həqiqi mənasında bu, balakənlilər üçün əsil xalq bayramı idi. Bu möhtəşəm tədbir həm balakənlilər üçün , həm də qonaqlar üçün əsil sevinc , may bayramı idi. Səhnə önündə oynayan balaca fidanların sevincinin isə həddi-hüdudu yox idi.