Səyyar “ASAN xidmət” Balakəndə
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməkdə davam edir.
Iyunun 1-dən etibarən Balakən əhalisi də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin səyyar “ASAN xidmət”indən yararlanmağa başlayıb.
Əhaliyə səyyar xidmətlərin göstərilməsi üçün Balakən şəhərinin mərkəzində, rayon mədəniyyət mərkəzinin həyətində xüsusi yer ayrılıb. Burada xidmətlərin göstərilməsi üçün hər cür şərait yaradılıb. Vətəndaşlar əvvəlcə məlumat bürosuna yaxınlaşır, sənədlərini təqdim edir, növbəyə götürülürlər. Növbələri çatdıqda sakinlər avtobusa daxil olur, müraciətlərini edirlər.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.
Balakəndə səyyar xidmətlər iyunun 15-dək davam edəcəkdir.