Milli Qurtuluş Günü şərəf tariximizdir
Milli Qurtuluş Günü münasibətilə Balakəndə keçirilən rayon tədbirinin iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkına gələrək, dahi rəhbərin dağüstü yüksəklikdə ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
Mədəniyyət Mərkəzində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 15 İyun – Milli Qurtuluş Gününün müstəqilliyimizin tarixinə şanlı səhifə kimi yazıldığı qeyd olunub.
Tədbirdə 1993-cü ilin iyun hadisələri, respublikanın ictimai-siyasi həyatında baş verən proseslər bir daha xatırlanaraq təhlil edilib, hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran yarandığı, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, belə bir təhlükəli məqamda xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyevin Bakıya gəlişi və hakimiyyətə qayıdışı müstəqilliyimizin yenidən itirilməsi təhlükəsinə birdəfəlik son qoyub.
Bildirilib ki, Azərbaycanın son 22 ildə əldə etdiyi uğurlar birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkə vətəndaşlarının təhlükəsizliyi təmin olunub, iqtisadiyyatda hökm sürən tənəzzül dayandırılıb, Azərbaycan dünya birliyində özünəlayiq yer tutub. Vurğulanıb ki, Azərbaycanın ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzuna ən bariz nümunədir.
Tədbir ədəbi-bədii kompozisiya və 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.