Aktiv Gənclər Klubu balakənli gənclərin asudə vaxtlarının səmərəli keçməsinə öz töhfəsini verir
Balakən Rayon Gənclər və İdman İdarəsinin nəzdində artıq üçüncü ildir ki, fəaliyyət göstərən Aktiv Gənclər Klubu (AGK) tətil günlərində yeniyetmə və gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsinə öz töhfəsini verir.
“Gənclər evi”ndə fəaliyyət göstərən klubun yaradılmasında əsas məqsəd gənclərin intellektual potensialının, tariximiz və tarixi abidələrimiz haqqında məlumatlarının artırılmasına, dünyagörüşlərinin zənginləşməsinə nail olmaq, onların istedad və qabiliyyətlərini üzə çıxarmaq, maraq dairələrinə uyğun olaraq müxtəlif dərnək və kurslar təşkil etməkdir.
Yay tətilinin başlanması ilə əlaqədar klubda “III səmərəli tətil Proqramı”nın təqdimatı olub. Klubun fəal üzvlərinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, builki Proqramda gənclər arasında keçirilmiş sorğunun nəticələrinə uyğun olaraq, onları daha çox maraqlandıran məşğələ və dərnəklərə üstünlük verilib. Kitab müzakirəsi klubu, musiqi, rus və ingilis dili kursları, natiqlik, film, şahmat, debat, diskussiya və digər dərnəklər könüllülük prinsipləri əsasında fəaliyyət göstərir.
Gənclərin intellektual potensialını artırmaq məqsədi ilə Aktiv Gənclər Klubunda hər həftə “Nə?, Harada?, Nə zaman?” intellektual oyunu və ayda bir dəfə “Xəmsə” milli intellektual oyunu üzrə yarışlar da keçirilir.
AGK-da təşkil olunan kurs və dərnəklərdə hazırda 200-dək yeniyetmə və gənc məşğul olur.