İlin birinci yarısında Balakəndə aqrar sahədə məhsul istehsalı 9 faiz artıb
Cari ilin birinci yarısında Balakən rayonunda 27 milyon 640 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Aqrar sahədə məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz artıb. Müddət ərzində pərakəndə əmtəə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 7,7 faiz artaraq 74,5 milyon manat olub. Bu ilin ilk 6 ayında rayonda 234-ü daimi olmaqla, 414 yeni iş yeri yaradılıb.
Bu faktlar 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı Balakəndə keçirilən yığıncaqda səsləndirilib.
Hesabat məruzəsində bildirilib ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda cari ilin birinci yarısında 12 min 333 hektar sahədə payızlıq və yazlıq bitkilər əkilib. Bu müddət ərzində təsərrüfatlarda 16 min 232 ton tərəvəz, 3 min 22 ton kartof istehsal olunub. Həmin dövrdə rayon “Aqroservis” filialı tərəfindən 540 ton mineral gübrə gətirilərək güzəştli qiymətlərlə istehsalçılara satılıb. Birinci yarımillikdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı sahəsində çalışan fermerlərə 6 layihə üzrə 105 min manat güzəştli kredit verilib.
Diqqətə çatdırılıb ki, 2015-ci ilin birinci yarısında Balakən rayonunda tikinti-təmir və quruculuq işləri davam etdirilib, Heydər Əliyev Fondunun həyata keçirdiyi proqram çərçivəsində Balakən şəhərində inşa edilən 100 yerlik uşaq bağçasının tikintisi başa çatdırılıb. Hazırda Sarıbulaq kəndindəki 40 yerlik uşaq bağçasında bərpa gücləndirmə işləri, həmçinin rayon polis şöbəsinin və kənd təsərrüfatı idarəsi üçün yeni inzibati binaların tikintisi davam etdirilir. “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi də tamamlanıb və stansiya artıq istismara hazırdır.
Hesabat məruzəsində, həmçinin ilin birinci yarısında əhalinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilib. Bildirilib ki, altı ayda rayonda 3 transformator məntəqəsi quraşdırılıb, 2,8 kilometr uzunluğunda SİP kabel çəkilib, 0,4 kilovoltluq elektrik verilişi xəttində 115 ədəd metal dayaq basdırılıb. Əhalinin və əkin sahələrinin su ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 6 artezian quyusu qazılıb. Diqqətə çatdırılıb ki, rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işi tam başa çatdığından bu sahədə heç bir problem olmayıb.
Yığıncaqda, həmçinin birinci yarımillikdə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması, səyyar qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.