Yaponiya hökumətinin dəstəyi ilə Balakəndə yeni layihə həyata keçiriləcək
Avqustun 1-də Balakən Rayon İcra Hakimiyyətində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşacaq “Balakəndə tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi” layihəsi üzrə qrant müqaviləsinin imzalanması mərasimi keçirilib. Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi və rayon rəhbərliyi iştirak edib.
Tədbiri layihənin rəhbəri, Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşov açaraq, layihə barədə məlumat verib. Bildirilib ki, ekologiya sahəsini əhatə edəcək yeni layihənin əsas məqsədi Balakən rayonunda tullantıların və təkrar istifadənin praktik olaraq davamlı şəkildə idarə olunmasını təmin etməkdir. Bu məqsədlə şəhərdən kənarda yanma kameraları inşa olunacaq.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Yaponiyanın ölkəmizdəki səfirliyi ilə icra hakimiyyəti arasında əməkdaşlığın 2008-ci ildən uğurla davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, proqram çərçivəsində indiyədək rayonda tibb sahəsini əhatə edən iki layihə reallaşıb. İmzalanacaq layihə isə sayca üçüncüdür. İcra hakimiyyətinin başçısı bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.
Səfir Tsuquo Takahaşi Balakənə ilk dəfə səfərə gəldiyini, rayonun təbiətinin onu valeh etdiyini deyib. Qeyd olunub ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində həyata keçirilən layihələr təhsil, tibb, ətraf mühit, ekologiya və digər sahələri əhatə edir. Məqsəd insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırmaqdır. Bildirilib ki, proqram çərçivəsində indiyədək Azərbaycanda bu layihə də daxil olmaqla, ümumi dəyəri 17 milyon 224 min ABŞ dolları olan 202 layihə üzrə qrant müqaviləsi imzalanıb. Yeni imzalanacaq layihənin dəyəri 90 min 411 ABŞ dolları təşkil edir.
Sonra səfir Tsuquo Takahaşi və Azərbaycan İcma İnkişafı, Tədqiqat, Təlim və Resurs Mərkəzinin icraçı direktoru Yasin Dadaşov qrant müqaviləsini imzalayıblar.
Layihə üzrə işlərin bir neçə aya tamamlanması nəzərdə tutulur.