Abadlıq işləri davam edir
Respublikamızın hər yerində olduğu kimi, Balakən rayonunda da tikinti-quraşdırma və abadlıq işləri bu il də uğurla davam etdirilir.
Zəlzələ nəticəsində Sarıbulaq kəndindəki zədələnmiş uşaq bağçasında bərpa-gücləndirmə işlərinin cari ildə də davam etdirilməsi ən təxirəsalınmaz məsələ kimi diqqət mərkəzində saxlanılır və artıq bu sahədə işlərə başlanılmışdır.
Şəhərin M.Əsədov küçəsində Heydər Əliyev Fondu hesabına yeni 100 yerlik körpələr evi –uşaq bağçasının tikintisi artıq başa çatmışdır. Uşaq bağçası 2 mərtəbə olmaqla, fasadları milli memarlıq elementləri ilə zənginləşdirilmiş, bina M.Əsədov küçəsinə xüsusi gözəllik vermişdir. Hazırda “Balakən -1”su elektrik stansiyasının tikintisi davam etdirilir.
Kommunal yaşayış evlərinin dam örtükləri dəyişdirilir. Şəhərin Z.Əliyeva küçəsindəki 14, Ə.Ansuxski küçəsindəki 24, C.Məmmədquluzadə küçəsindəki 3nömrəli , eyni zamanda Katex kəndində vaxtilə Katex-kombinat tərəfindən tikilmiş hazırda çox yararsız vəziyyətə düşmüş 12 kommunal yaşayış evlərinin də dam örtükləri dəyişdirilmişdir. Bu işin görülməsi təkcə həmin binalarda yaşayan sakinlərin yox, həm də onların qonşu və qohumlarının da sevincinə səbəb olmuşdur. Sakinlər görülən bu işlər üçün rayon rəhbərinə minnətdarlıq bildirirlər.
Heydər Əliyev prospektinin Qazbinə və Qullar kəndləri istiqamətində hasarlar işlənmiş, yol kənarlarında bardür və tomet daşları ilə səkilər düzəldilmişdir. Su arxları betonlanmış, Qullar kəndi istiqamətində küçə işıqlanması təmin olunmuşdur. Qazbinə kəndi istiqamətində yol kənarlarna torpaq daşınmış, ağaclar əkilmiş, yaşıllıqlar salınmışdır.
Təhsil , səhiyyə və mədəniyyət obyektlərində büdcə vəsaiti hesabına əsaslı və cari təmir işlərinə başlanmışdır. Meşəşambul, Qazma, Püştətala, Katex kənd uşaq bağçalarında ,H.Əliyev Mərkəzində , rayon Mərkəzi kitabxanasında, Gərəkli kənd həkim məntəqəsində, mədəniyyət Mərkəzinin qazanxanasında təmir işləri başa çatmış, rayon Mərkəzi Xəstəxanasının əsas binasında , Katex kənd 1 saylı, Qabaqçöl qəsəbə tam orta , Mazımçay ümumi orta məktəblərində, Katex kənd Mədəniyyət evində, şəhər kitabxanasında isə hazırda təmir işləri aparılır və yaxın gələcəkdə bu işlər başa çatdırılacaqdır.
Rayon İcra Hakimiyyətinin inzibati binasının yararsız üzlüyü sökülmüş, yeni təbii aqlay daşı ilə üzlənmişdir.
Rayonun Qabaqçöl qəsəbəsində tikiləcək körpələr evi- uşaq bağçasının layihə-smeta sənədləri “Azkommunallayihə” institutunda hazırlanmış, ekspertiza olunması üçün FHN-nə təqdim olunmuşdur. Yaxın zamanlarda həmin obyektin də tikintisinə başlanacaqdır.
Hesabat dövründə 10 sahibkarlıq obyektinin tikintisinə icazə verilmiş, 25 yaşayış evinin tikintisi üçün eskiz layihələri razılaşdırılmışdır.