Balakən müəllimlərinin konfransı keçirilmişdir
Sentyabr ayının 7-də Mədəniyyət Mərkəzində Balakən müəllimlərinin ötən dərs ilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş konfransı keçirilib. Konfransada rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Təhsil Nazirliyinin məsul işçisi İsaq Məmmədov iştirak edib.
Rayon Təhsil şöbəsinin müdir əvəzi Vahid Əliyevin hesabat məruzəsində uğur və problemlərdən, təhsilin inkişafı üzrə Dövlət strategiyasından irəli gələn vəzifələrdən bəhs olunub. Məruzə ətrafında Humanitar və texniki təmayüllü liseyin direktoru Şaban Abdullayevin, qəbul imtahanlarında 695 balla Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olan məzun Gülay Ömərovanın çıxışları dinlənilib. Təhsil Nazirliyinin məsul işçisi İsaq Məmmədov yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. Konfransda rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev yekun nitq söyləyib.
Sonra bu il 500 və 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan və məktəbi qızıl medalla bitirən məzunlara qiymətli hədiyyələr təqdim edilib. Ötən il Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi diplomları Humanitar və texniki təmayüllü liseyin müəllimi Aygün Hacıyevaya və Zərifə Əliyeva adına şəhər 3 saylı tam orta məktəbin müəllimi Məhəmməd Qarakişeyəvə, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi diplomu Humanitar və texniki təmayüllü liseyin direktoru Şaban Abdullayevə təqdim olunub.
Konfransın sonunda iştirakçılar adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanıb.