Sarıbulaq kəndində yeni körpələr evi-uşaq bağçasının açılışı olub
Sentyabrın 10-da yeni dərs ili ərəfəsində rayonun Sarıbulaq kəndində əsaslı təmir və bərpa işlərindən sonra 40 yerlik körpələr evi-uşaq bağçasının açılışı olmuşdur. Açılış mərasimində çıxış edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev öncə müasir tələblərə cavab verən körpələr evi – uşaq bağçasının açılışı münasibəti ilə pedaqoji kollektivi, kənd əhalisini təbrik etdi. Rayon rəhbəri bildirdi ki, Azərbaycan son dövrlər qazandığı uğurlarla, gördüyü işlərlə öz sözünü dünyada deyən güclü bir dövlətdir. Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən uğurla əsası qoyulan inkişaf strategiyası cənab Prezidentimiz İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
Hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Balakən rayonunda da inkişaf yüksək səviyyədə gedir. Daha sonra rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd etdi ki, Prezident İlham Əliyev cənablarının gərgin və fədakar əməyi sayəsində ölkəmizdə bütün sahələrdə sürətlə gedən inkişaf təhsil sahəsində uğurla davam etdirilir. Uşaqların keyfiyyətli təhsil alması və hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Uşaqların mənalı istirahətinin təşkilinə, onların dünyagörüşünün və hazırlıq səviyyələrinin artırılmasına xidmət göstərəcək bugün açılışını etdiyimiz körpələr evi – uşaq bağçası dövlət rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir. Balacaların zövqünə uyğun olaraq bütün zəruri avadanlıqlarla, o cümlədən oyuncaqlarla təchiz edilmiş bu müasir, gözəl körpələr evi – uşaq bağçası körpələrin, uşaqların daha yaxşı inkişafına, hərtərəfli və sağlam böyümələrinə lazımi şərait yaradacaqdır. Sonda çıxış edən valideyn Günay İbadova, kənd ağsaqqalı Fərhad Mustafayev göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz minnətdarlıqlarını bildirmişlər.