1 oktyabr Beynəlxalq Ahıllar günü qeyd olunmuşdur
1 oktyabr Beynəlxalq Ahıllar günü Balakən rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə əlaqədar rayonun “Balakən” şadlıq sarayında ahıl, kimsəsiz və qayğıya daha çox ehtiyacı olan vətəndaşların bir qrupu-ümumilikdə 100 nəfərin iştirakı ilə görüş keçirilmişdir. Tədbirdə iştirak edən Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev yaşlı nəslin nümayəndələrini salamlamış, onlara uzun ömür və cansağlığı arzulayaraq dövlət tərəfindən hər bir ahıl vətəndaşın diqqət və qayğı ilə əhatə olunduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunan iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqqının məbləği dəfələrlə qaldırılsın.
İslam Rzayev rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə məlumat vermiş, rayonun sosial-iqtisadi inkişafı üçün görülməsi nəzərdə tutulan işlərdən danışmış və bildirmişdir ki, bu işlərin həyata keçirilməsində yaşlı nəslin nümayəndələrinin məsləhət və təkliflərinə hər zaman böyük ehtiyac vardır.
Çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, onlara göstərilən diqqət və qayğıdan danışmış və bu işlərə görə ölkə başçısına öz minnətdarlığını bildirmişlər.