Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhidlik zirvəsi “adlı dəyirmi masa

16 sentyabr 2015 | 15:00

Balakən  rayon  Mərkəzi  Kitabxanasında  hərbi  vətənpərvərlik   mövzusuna həsr olunmuş “Şəhidlik  zirvəsi”adlı  dəyirmi masa  keçirilmişdir. Tədbirin  aparıcısı , Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin direktor  müavini  Mehriban  Çuxovanın  təklifi  ilə əvvəlcə  Azərbaycanın   ərazi bütövlüyü və azadlığı  uğrunda  canlarını  fəda etmiş  qeyrətli Vətən oğullarının   həmişəyaşar xatirəsi  bir dəqiqəlik  sükutla yad edilmişdir.
Yeniyetmələrin ,  gənclərin  yaşadığımız  indiki dövrdə  hərbi vətənpərvərlik  ruhunda  tərbiyə  olunmasının,  böyüməsinin  xüsusi  əhəmiyyət  kəsb etdiyini vurğulayan  M.Çuxova demişdir ki, Azərbaycanın  çox böyük  məhrumiyyətlər , qanlar bahasına  ikinci  dəfə  qazandığı  dövlət  müstəqilliyinin qorunub saxlanmasında  balakənli  gənclərin də  böyük  köməyi olmuşdur. Vətənin ən ağır  günlərində  könüllü olaraq ön cəbhəyə yollanan  gənclərimiz  düşmənlə   döyüşdə  qəhrəmanlıq  nümunələri göstərmiş, bir  çoxları  müqəddəs  şəhidlik zirvəsinə yüksəlmişlər. Azərbaycan naminə  əzəli və əbədi  düşmənimiz olan erməni  daşnakları ilə  gedən  müharibədə 163 nəfər balakənli   gəncin   şəhid, 118 nəfərin isə əllil olması  dediklərimizə əyani sübutdur.
Dəyirmi masada çıxış edən  Səfərbərlik və Hərbi Xidmətə Çağırış  üzrə Dövlət Xidmətinin Balakən Şöbəsinin  nümayəndəsi, baş leytenant  Elvin Əliyev  demişdir ki, balakənli  gənclər  ordu  sıralarına  həvəslə  yollanır, numunəvi  xidmət edirlər. Onların  ailələrinə və  bizim şöbəyə  hərbi  hissə   rəhbərliyi  tərəfindən  göndərilən  təşəkkür  məktubları  balakənli  gənclərlə  fəxr  etməyə  əsas verir.
Dəyirmi masaya dəvət olunmuş  şəhid anası  Umuksu   Əsgərova  üzünü  tədbir  iştirakşılarına  tutaraq  kövrək  səslə  dedi:
-Mən 10 uşaq  anası olmuşam. Oğlum  Adil Vətən  yolunda canını  fəda edib. Övlad itkisi ağır  olsa da  mən  bu  dərdə  dözmüşəm. Çünki Vətəni qorumaq  hamının  borcudur. Vətən  yoxsa , biz də  yoxuq. Adilin  üzünü görmədiyi körpə  balası  da  doğulandan  bir ay sonra  tələf oldu .Ağır  xəstəliyə düçar  olan  həyat yoldaşı  da günlərin  birində  dünyasını dəyişdi. Yəni , mənim  vəziyyətimi , gördüyüm əzablı günləri  siz  başa düşürsünüz. Respublika  və rayon rəhbərliyinin  bizim ailəyə , şəxsən mənə olan  diqqət  və qayğısı dərdimi  bir  xeyli yüngülləşdirir.Şadam ki, vaxtı ilə oxuduğu Qazbinə kənd orta məktəbi  oğlum Adil Əsgərovun adını daşıyır.
Dəyirmi masada iştirak edən  Qarabağ Müharibəsi Veteranları ,Əlilləri və Şəhid Alilələri İctimai Birliyinin rayon filialının sədr  müavini, müharibə veteranı,
” Azərbaycan Bayrağı” ordenli  zabit Aydın Abdullayevin,  şair Xutra Ramazanın , “Əsgər   ailəsi” cəmiyyətinin  Balakən şöbəsinin  sədri ,şairə Nəfisət Vahidin, şəhər kitabxanasının  müdiri  Gülarə Muradovanın, ali məktəb  məzunu , iyulda hərbi  xidmətdən qayıtmış Elşən Qurbanovun,  bu ilin  oktyabrında  ordu sıralarına  yollanacaq  bir qrup  çağırışçı gəncin  çıxışı tədbir  iştirakçıları  tərəfindən  maraqla dinlənərək  müzakirə edildi.
Şair Xutra Ramazan vətənpərvərlik  mövzusunda yazdığı son  kitabını  tədbir iştirakçılarına  hədiyyə etdi.
Sonda dəyirmi masa iştirakçıları  şəhid anası Umuksu Əsgərova  ilə xatirə şəkli  çəkdirdilər.

Keçidlər