Balakən rayonunda zəlzələdən zərər çəkmiş yaşayış məntəqələrində monitorinqlər aparılır
Oktyabrın 13-14-də Balakən rayonunda baş vermiş zəlzələ nəticəsində fərdi yaşayış evlərinə və sosial obyektlərə dəymiş zərərin müəyyənləşdirilməsi məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) işçi qrupları və rayon fövqəladə hallar komissiyası tərəfindən zərər çəkmiş ərazilərdə monitorinqlər davam etdirilir.
İşçi qrupları tərəfindən indiyədək 1100-dən artıq fərdi yaşayış evinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, yeraltı təkanlar nəticəsində 19 fərdi ev uçmuş, 378 ev isə yaşayış üçün təhlükəli vəziyyətə düşmüşdür. Bundan əlavə, zəlzələ nəticəsində 55 sosial obyekt müxtəlif dərəcədə zədələnmişdir.
Zəlzələdən zərər çəkmiş ailələrin yerləşdirilməsi üçün FHN tərəfindən rayona 300 ədəd çadır dəsti gətirilmişdir. Balakən şəhərində və kəndlərdə ilkin olaraq 50 çadırın qurulması nəzərdə tutulur.