"Kitabi- DədəQorqud- ilk yazılı abidəmiz" adlı dəyirmi masa keçirilmişdir
"Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası Fridrix fon Dits tərəfindən ilk tərcüməsi, nəşri və dünya elm aləminə tanıdılmasının 200 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 fevral tarixli Sərəncamına uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi Balakən Rayon İcra hakimiyyətinin tədbirlər planı əsasında silsilə tədbirlər həyata keçirilir. Bu baxımdan rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən müəssisələrdə keçirilən dəyirmi masalar, ədəbi-bədii gecələr olduqca təqdirəlayiq olub, kimliyimizi tam müəyyən etmək, milli-mənəvi dəyərlər əsasında müasir ruhlu gənclər yetişdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. 2 oktyabr 2015-ci il tarixdə rayon Mədəniyyət Mərkəzində keçirilən "Kitabi- Dədə Qorqud-- ilk yazılı abidəmiz" adlı dəyirmi masada dastan rayon ziyalıları tərəfindən müxtəlif aspektlərdən təhlil olunmuş, eposun oğuz türklərinin, o cümlədən Azərbaycan xalqının yaranışı problemindən tutmuş ərazimiz, sərhədlərimiz, təsərrüfat həyatımız, etnoqrafiyamız, xarici aləmlə qarşılıqlı münasibətlər, tariximiz barədə dolğun, həm də doğru-dürüst təsəvvür yaradan misilsiz bir mənbə olduğu vurğulanmışdır. Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru Şəfəq Hacıyeva "Kitabi Dədə Qorqud eposunda musiqi alətlərinin təsviri", tarixçi-etnoqraf Akif Məmmədli "Dədə Qorqud dastanında əks olunan toponimlər", şairə-publisist Tahirə Sultan "Dədə Qorqud dastanında qopuz", rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Xəlifə Mirəliyev "Dədə Qorqud dastanında ailə-məişət dəyərlərinin inikası", tanınmış ədəbiyyat müəllimi Səyyarə Əhmədova "Dədə Qorqud dastanında qadına hörmət", rayon təhsil şöbəsinin əməkdaşı Mədət Quliyev "Dastanda əks olunan qəhrəmanlıq motivlərinin gənclərin tərbiyəsində rolu" və digər çıxışlar geniş müzakirə olundu. Rayon Mədəniyyət və Turizm şöbəsinin əməkdaşı Sevda Yusibovanın aparıcılığı ilə keçirilən tədbirin musiqili-ədəbi hissəsində Dədə Qorqud filmindən musiqilər səsləndirildi, qopuz alətinin çeşidli variantlarından olan tənbur alətində qədim el havaları ifa olundu. Arzu Ocaxverdiyevin qiraətində Dədə Qorqudun müdrik kəlamları və dastandan parçalar son dərəcə ustalıqla təqdim olundu, rayon mədəniyyət işçilərinin iştirakı ilə dastanın boyları əsasında hazırlanmış səhnəciklər tədbir iştirakçıları tərəfindən olduqca maraqla qarşılandı. Rayon Mədəniyyət və Turizm Şöbəsindən bizə bildirdilər ki, lin sonunacan bu cür silsilə tədbirlərin keçirilməsi davam edəcək və noyabr ayında görkəmli yazıçı Anarın ssenarisi əsasında hazırlanmış "Dədə Qorqud" tamaşası rayon sənətsevərlərinə təqdim olunacaqdır.