Müstəqillik günü qeyd olundu
Oktyabrın 16-da Balakən rayon Mədəniyyət Mərkəzində “18 oktyabr müstəqillik günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə RİH-nin aparat işçiləri, rayon hüquq mühafizə, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ağsaqqalları və fəal gənclər işçiləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev açaraq 1991-ci il oktyabrın 18-də qəbul olunmuş “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbulundan geniş söhbət açdı. Eyni zamanda vurğuladı ki, Azərbaycan xalqı uzun illərədən sonra 1991-ci ildə özünün müstəqillik idealına qovuşsa da, bu əslində formal xarakter daşıyırdı. Ölkədə xaos hökm sürür, vətəndaş müharibəsinin baş vermə təhlükəsi vardı. Ölkəmiz üçün bu ağır günlərdə Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə qayıtdı. Ölkəmiz başının üstünü almış qara buludlardan, təhlükələrdən xilas oldu. Naliyyətlərimizin təməl daşı məhz bu vaxtdan qoyuldu. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanı siyasi çəkişmələrin cəngindən alıb, onun strateji mövqelərini bərpa etdi. Ona sabit ölkə imici qazandırdı. Müstəqilliyimizin reallaşması, dövlətçiliyin xilası bilavasitə ümumilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Bu 24 ildə Azərbaycanda demək olar ki, hər gün müsbət dəyişiklik nəzərə çarpıb. Sovet dövründən qalan parklar və xiyabanlar, mədəniyyət mərkəzləri, təhsil müəssisələri və səhiyyə obyektləri, qaz və su kanalizasiya, nəqliyyat infrastrukturu insanların istifadəsi üçün yararsız halda idi. Əmək haqqları və pensiyalar, insanların sosial təminatı yetərli səviyyədə deyildi. 1993-ci ildən sonra isə ölkəmizdə iqtisadi durum get-gedə yaxşılaşdı, bütün bu çatışmamazlıqlar yavaş-yavaş həllini tapmağa, istehsalat və sənaye müəssisələri yenidən qurulmağa başladı. Ümumilli liderimizin rəhbərliyi dövründə müstəqil dövlətimiz əsrə bərabər inkişaf yolu qət etdi. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin başladığı siyasi kurs İlham Əliyev tərəfindən uğurla icra olunur. İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək ideyasını böyük uğurla, əzm və iradə ilə həyata keçirir.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində respublikamızın regional və qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artmış, beynəlxalq aləmdə etibarlı tərəfdaş imici qazanmış və Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilmişdir.
Azərbaycanımızın bütün şəhər və rayonlarında olan yüksək inkişaf Balakən rayonunun timsalında da özünü aydın göstərir. Dövlət Proqramlarının icrası müddətində ölkə Prezidenti İlham Əliyev Balakən rayonuna dörd dəfə səfər etmişdir və onun hər gəlişindən sonra iri sosial layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Balakən rayonunun sosial-iqtisadi inkişafı, infrastruktur layihələrinin yerinə yetirilməsi və ümumilikdə əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, rayonun bütün kəndlərinə qaz xətti çəkilmiş, minlərlə əhalinin yaşadığı məntəqələri birlişdirən Balakən-Qazma-Darvazbinə və Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala yolu yenidən tikilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür. Görülmüş və görüləcək işlər Balakən rayonunun simasını daha da gözəlləşdirərək, insanların sosial rifah halının yüksəldilməsinə öz tövhəsini verəcəkdir.
Tədbir yerli incəsənət ustalarının şeir və mahnıları ilə müşayiət olunmuşdur.