Şriftin ölçüsü :

Saytın rəngi :

Bu ilin doqquz ayında Balakəndə kənd təsərrüfatı məhsulları istehsalı 8 faiz artıb

21 oktyabr 2015 | 15:00

İqtisadiyyatında aqrar sahənin mühüm rol oynadığı Balakən rayonunda 2015-ci ilin doqquz ayında 52,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 milyon manat və ya 8 faiz çoxdur. İstehsal olunan məhsulun 60,9 faizi bitkiçiliyin, 39,1 faizi isə heyvandarlığın payına düşür. Hesabat dövründə rayonun təsərrüfatlarında 11 min 870 hektar sahədə yazlıq bitkilər əkilib, 21,3 min ton tərəvəz, 8,2 min ton kartof, 3,2 min ton bostan, 701 ton lobya və digər kənd təsərrüfatı məhsulları istehsal olunub. Hazırda rayonda qarğıdalı, tərəvəz və meyvə yığımı davam edir.

Bu faktlar 2015-ci ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı Balakən rayonunda keçirilən müşavirədə səsləndirilib.

Rayon fəallarının iştirak etdiyi müşavirədə bildirilib ki, “Kənd təsərrüfatı ili”ndə rayonda bitkiçiliyin və heyvandarlığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, məhsul istehsalında dinamik artıma nail olunub. Qazbinə kəndində yaradılan heyvandarlıq fermasında ətlik heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi istiqamətində işlər görülüb. Rayon ərazisində əvvəlki illərdə salınmış 183 hektar intensiv meyvə bağlarına yüksək qulluq göstərilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılması istiqamətində zəruri işlər görülüb, bələdiyyə mülkiyyətində olan 338,5 hektar torpaq sahəsi mövsümi, dövlət mülkiyyətində olan 45 hektar torpaq sahəsi isə əkinçilik məqsədləri üçün uzunmüddətli icarəyə verilib. Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə 7 kənddə yeni artezian quyuları qazılıb.

Azərbaycan Prezidentinin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamının icrası olaraq 2063 nəfər məhsul istehsalçısına 5179 hektar əkin sahəsini becərdiklərinə görə dövlət büdcəsinin vəsaiti hesabına 258,9 min manat yardım hesablanıb və ödənilib.

Bildirilib ki, cari ilin doqquz ayında rayonda tikinti-quruculuq, abadlıq işləri davam etdirilib, zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş Sarıbulaq kənd uşaq bağçası yenidən tikilərək istifadəyə verilib. “Balakən-1” kiçik su elektrik stansiyasının tikintisi tamamlanıb və stansiya istismara hazırdır. Hazırda internat məktəbinin əsaslı təmiri, kənd təsərrüfatı, rayon polis şöbəsi və Qabaqçöl qəsəbəsində yanğından mühafizə bölməsi üçün inzibati binaların tikintisi davam etdirilir.

Müşavirədə, həmçinin əhalinin təbii qaz, elektrik enerjisi, içməli su ilə təminatının yaxşılaşdırılması, əhalinin aztəminatlı təbəqəsinə sosial müavinət, pensiya və təqaüdlərin verilməsi, vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması və digər məsələlər ətraflı təhlil olunub.

Keçidlər