Mədəniyyətimizin inkişafı və təbliğində QHT-lərin rolu müzakirə olunub
xtisaslaşmış QHT-lərlə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsi mədəniyyətimizin inkişafında xüsusi rol oynaya bilər.
Bu barədə oktyabrın 22-də Balakən rayon Mədəniyyət Mərkəzində “Mədəniyyətimizin inkişafında və təbliğində QHT sektorunun rolu” mövzusunda keçirilən zona görüşündə ətraflı bəhs olunub.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında fəaliyyət göstərən 150 nəfərə yaxın QHT nümayəndəsi və fəal gənc, təhsil və mədəniyyət işçiləri iştirak edib.
Görüşü Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova açaraq, mədəniyyət sahəsinin inkişafına yönələn belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyevin “QHT-lərlə əməkdaşlıq Mədəniyyət və Turizm Nazirliyinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, nazirliyin strukturunda həyata keçirilən islahatlar nəticəsində sahə üçün mahiyyət etibarı ilə yeni sayıla biləcək istiqamət müəyyənləşdirilib. Bu istiqamət mədəniyyət məsələləri üzrə ixtisaslaşmış QHT-lərlə əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir. Bu istiqamətdə artıq müəyyən təhlillər və araşdırmalar aparılıb. Eyni zamanda, Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət tərəfindən maliyyələşdirilməsi Qaydası”nın icrasını təmin etmək məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən Müsabiqə Komissiyası yaradılıb və ilk müsabiqələrlə bağlı elanlar verilib.
Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2015-ci il üçün elan olunan müsabiqəyə qeyri-hökumət təşkilatları tərəfindən 86 layihə göndərilib. Bundan əlavə, mədəniyyət sahəsində QHT-lərin fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2016-cı il üçün müsabiqə elanı da verilib və müsabiqəyə 95 layihə təqdim edilib. Qaliblərin seçilməsi üçün bu layihələr artıq Müsabiqə Komissiyasına təqdim olunub.
Tədbir çərçivəsində Rəşad Əliyev və nazirliyin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli layihələrin prioritet mövzuları, təqdimetmə qaydaları, layihələrin formalaşmasında regionların xüsusiyyətlərinin nəzərə alınması, QHT-lərin nazirliklə münasibətlərini tənzimləyən qanunvericilik bazası və digər məsələlər barədə məlumat veriblər.
Tədbirdə SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının şöbə müdiri İradə Nəcəfovanın “SEBA Assosiasiyasının Qəbələ layihələri”, “Qəbələ Regional Gəncləri Resurs Mərkəzi” İctimai Birliyinin sədr müavini Malik Rəşidovun “Resurs Mərkəzinin mədəniyyət sahəsindəki fəaliyyəti”, Balakən Aktiv Gənclər Klubunun rəhbəri Sərxan Hacıyevin “Gənclərin asudə vaxtının səmərəli təşkilində QHT-lərin rolu” mövzularında məruzələri dinlənilib.
Müzakirələr zamanı mədəniyyətimizin təbliği işində QHT potensialının təhlili, mədəniyyət sahəsi üzrə ixtisaslaşmış QHT-lərə nazirlik tərəfindən göstərilə biləcək dəstək və birgə əməkdaşlıq istiqamətlərinin araşdırılması, gənclərin QHT-lərdə fəallığının artırılması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.