Balakən rayonunda Dövlət Bayrağı Günü qeyd edilmişdir
Balakən rayonunda Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev bayram münasibətilə mərasim iştirakçılarını təbrik etmiş və bu əlamətdar günün əhəmiyyətindən söz açıb. O deyib ki, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunub. Sovet hakimiyyəti illərində ucalığından endirilən bu bayraq, nəhayət, 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisinin binasına gətirilib. Bundan bir il sonra müstəqil Azərbaycan dövlətinin uca rəmzi kimi yenidən layiqli yerini tutub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzaladığını xatırladan natiq bildirib ki, 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi olub. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. İndi həmin məkan xalqımızın möhtəşəm ziyarət və and yerinə çevrilib. Bölgələrdə, o cümlədən Balakəndə də Bayraq Meydanı yaradılıb.
Tədbirdə Azərbaycan Bayrağını Şəki şəhərində ulu öndər Heydər Əliyevin iştirakı ilə keçirilən möhtəşəm tədbirdə dalğalandıran Turanə Məmmədova çıxış edərək tədbir iştirakçılarını təbrik etdi.
Azərbaycan Bayrağı əsgər marşı sədaları altında zala gətirildi. Sonra Dövlət Bayrağımızın tarixinə həsr olunmuş sənədli film nümayiş etdirildi. Bayrağa aid şeirlər səsləndi , mahnılar dinlənildi.