Şriftin ölçüsü :

Saytın rəngi :

Balakən rayonunda “20 Noyabr Ümumdünya Uşaq günü”nə həsr olunmuş tədbir keçirilib

14 noyabr 2015 | 16:00

Ölkəmizdə uşaq hüquqlarının təbliği, təmini və müdafiəsini daha da artırmaq məqsədilə Azərbaycanın insan hüquqları üzrə müvəkkili bu il 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı”nın keçirilməsini təklif edib.  Buna uyğun olaraq 13 noyabr  2015-ci il tarixdə Balakən Rayon İcra Hakimiyyəti  20 oktyabr- 20 noyabr 2015-ci il “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirmişdir. Tədbiri giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova  qeyd edib ki, BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya  Uşaqlar  Günü kimi qeyd olunur və ənənəvi olaraq hər il 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda  “Uşaq hüquqları aylığı” elan edilir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.  O bildirib ki, uşaqlara, onların təhsilinə qayğı, diqqət heç vaxt azalmamalıdır.
Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən danışan N.Rüstəmova qeyd edib ki, uşaqlar dünyada hamı üçün əzizdir və  dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir.
N.Rüstəmova vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
Tədbirdə  çıxış edənlər bildiriblər ki, ümumdünya uşaq  günü bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir. Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi də bundan asılı olacaqdır.

Keçidlər