Balakəndə cari ilin doqquz ayının yekunları müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr Balakən rayon icra hakimiyyəti başçısı yanında keçirilən şura iclasında geniş müzakirə olunmuşdur.
Rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin doqquz ayında rayonda görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsində qeyd olunmuşdur ki, mayın 7-si və 18-də baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılması istiqamətində kompleks tədbirlər davam etdirilmiş, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq komissiyalarının rəylərinə əsasən rayon ərazisində 183 fərdi yaşayış evi sökülmüş, 204 evin tikintisinə başlanmışdır. Hazırda 67 evin tikintisi başa çatmaq üzrədir. Bildirilmişdir ki, oktyabrın 14-də baş vermiş zəlzələ ilə əlaqədar hazırda FHN-nin komissiyaları əhalidən daxil olan müraciətlər əsasında yerlərdə araşdırmalar aparır.
Qeyd olunmuşdur ki, hesabat dövründə dövlət vəsaiti hesabına inşa edilən 80 şagird-yerlik Qullar və 180 şagird-yerlik Katex-zavod kənd məktəblərinin tikintisi, habelə şəhər 1 saylı tam orta məktəbdə aparılan əsaslı təmir işləri başa çatdırılmış, hər üç təhsil obyekti yeni dərs ilində şagirdlərin istifadəsinə verilmişdir. Eyni zamanda, rayonun kəndlərində şagird yerlərinin ümumi sayı 1360 olan 5 yeni məktəb binasının tikintisinə də başlanılmışdır.
Diqqətə çatdırılmışdır ki, iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2012-ci ilin 9 ayında aqrar sahədən 42,5 milyon manatlıq gəlir əldə edilmişdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon manat çoxdur. İstehsal olunan məhsulun 24,2 milyon manatı bitkiçilik, 18,3 milyon manatı isə heyvandarlıq məhsullarının payına düşür.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması sahəsində görülən işlərə toxunan məruzəçi, cari ilin 9 ayı ərzində 4 min 527 evə qaz xətti çəkilməklə rayon üzrə abonentlərin ümumi sayının 9 min 836 nəfərə çatdığını, 565 abonentə qaz sayğacının quraşdırıldığını bildirmişdir. Qış mövsümü başlayanadək Talalar, Qazma və Qazbinə kəndlərinə qaz verilişi təmin olunacaqdır.
Məruzədə, həmçinin əhalinin elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs edilmiş, qarşıda duran vəzifələrə toxunulmuşdur.