Balakən rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş konfrans keçirildi
18 noyabr 2015-ci il tarixdə YAP Balakən rayon təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda rayon İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası rayon təşkilatının fəalları, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar və fəal gənclər iştirak edib.
Konfransı giriş sözü ilə açan Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev qeyd edib ki, yaradılmasının 23-cü illiyini qeyd edən Yeni Azərbaycan Partiyası milli dövlətçilik ənənələrinin formalaşmasında, respublikamızın bir çox ölkə əhəmiyyətli problemlərinin aradan qaldırılmasında həlledici rol oynayaraq xalqımızın tarixinin şərəfli səhifələrindən birinə çevrilmişdir. 1992-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanı düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan ilk müdrik addımlardan biri Yeni Azərbaycan Partiyasının yaradılması oldu. YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına çevrildi. Bu partiya Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu günün və sabahın qarantı demək idi. Heydər Əliyevin qeyd etdiyi kimi - “Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır... Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq”. Hər bir partiya üzvü ümummilli lider Heydər Əliyevin ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir
Sonra Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Mehparə Əliyeva çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın yaradılması tarixi zərurətdən doğmuş, böyük tarixi hadisədir. Yeni Azərbaycan Partiyası və onun böyük lideri, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda - son dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürərək, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycanın təməlini qoyub.
Mehparə Əliyeva qeyd edib ki, ulu öndər Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirmişdir. YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir.
YAP Balakən rayon təşkilatının Gənclər Birliyinin sədri Sərxan Hacıyev partiyanın yaranmasının 23-cü ildönümünü daha da təntənəli qeyd etmək məqsədi ilə İDEA İB-nin başlatdığı ənənəni rayonumuzda davam etdirərək 1000 ağacın əkilməsini nəzərdə tutan təşəbbüslə çıxış edib. S.Hacıyev gəncləri rayonumuzun abadlaşması, sağlam ətraf mühitin yaradılması və qorunmasında fəal olmağa çağırıb.
Daha sonra çıxış edənlər ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini qeyd ediblər. Bildiriblər ki, YAP qarşısında duran - Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial yönümlü iqtisadiyyatın yaradılması kimi əsas vəzifələri uğurla yerinə yetirib. Partiya ötən 23 il ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 660 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanmışdır.
Sonda partiyaya yeni daxil olmuş üzvlərə YAP-ın üzvlük vəsiqələri verilib.