Balakəndə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi qeyd edilib
27 noyabr 2015-ci il tarixdə Balakən rayonunda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbiri giriş sözü ilə Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şəfəq Hacıyeva açıb. O qədim mədəniyyət abidələrindən biri olan bu dastanın tədqiqinin, təbliğinin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, "Kitabi-Dədə Qorqud" irsinin daha geniş şəkildə tanıdılmasında, bu eposun dərindən öyrənilməsində ümummilli lider Heydər Əliyevin rolu böyük olub.Ulu öndər Heydər Əliyevin “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi haqqında” 1997-ci il 20 aprel tarixli Fərmanına əsasən, bu yubiley YUNESKO çərçivəsində dünya səviyyəsində qeyd olunub. Yubiley münasibətilə çoxşaxəli işlər görülüb, “Kitabi-Dədə Qorqud” ensiklopediyası nəşr olunub, abidələr ucaldılıb.
Ş. Hacıyeva Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 fevral 2015-ci il tarixdə imzaladığı “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının əhəmiyyətindən bəhs edərək bildirib ki, sərəncam milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi istiqamətində yeni bir mərhələ başlanğıcını qoyub. Bu gün əsərin ilk tərcüməsi və nəşrinin 200 illiyinin dövlət səviyyəsində qeyd edilməsi milli-mədəni irsi qoruyub yaşatmağa və yeni nəsillərin Azərbaycançılıq ruhunda tərbiyə olunmasına xidmət edir.
Tədbirdə bölgənin tarixinin yorulmaz tədqiqatçısı, AMEA-nın Tarix İnsititutunun dissertantı Akif Məmmədli “Dastanda əks olunan toponimlərin bölgəmizdə izləri” adlı məruzə ilə çıxış edib. O, dastanın yarandığı tarixi-coğrafi yurdların aydınlaşdırılması baxımından mühüm mənbə olduğunu, boylarda cərəyan edən hadisələrin ölkəmizin şimal bölgəsi ilə bağlılığını təsdiq edən bir sıra maraqlı mülahizələrlə tədbir iştirakçılarına məlumat verib.
Sonda rayon Mədəniyyət Mərkəzinin işçilərinin xalq yazıçısı Anarın “Dədə Qorqud” ssenarisi əsasında hazırladıqları tamaşa nümayiş olunub.